Azərbaycanda yeni qeyri-dövlət pensiya fondları yaradılır

Azərbaycanda yeni qeyri-dövlət pensiya fondları  fəaliyyət göstərəcək. Ölkədə dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili nəzərdə tutulur. APA TV-nin məlumatına görə, bu barədə Bakıda keçirilən  sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin təqdimatı zamanı məlumat verilib. Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan layihə Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. DSMF sədri Elman Mehdiyevin bildirdiyinə görə, layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq.

 

"Layihənin əsas məqsədi sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institunlarının formalaşdırılması üçün qanunvericiliyin hazırlanmasıdır. Bəzən bu fikirlər səsləndirilir ki, qeyri-dövlət pensiya institutları bir növ maliyə bazarında rəqib olacaqlar. Biz bu fikirlə razılaşmırıq. qeyri-dövlət pensiya institutları isə könüllülük prinsipi əsasında sosial sığorta bazarında maliyyə fəaliyyəti göstərib, qeyri-dövlət pensiyalarının fəaliyyəti üçün çalışan bazar strukturlarıdır".

 

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard bildirib ki, yeni layihə Azərbaycanın sığorta-pensiya sahəsində həyata keçirilən islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Sonda xarici qonaqlar öz ölkələrinin təcrübəsini bölüşüblər.

 

 

Müəllif | Apa.Tv