Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək
Rusiyada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb. APA-TV nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş zamanı parlamentlər səviyyəsində iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, deputatların qarşılıqlı səfərləri, ölkələrimiz arasında həyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sergey Narışkin Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla strateji münasibətlərin genişlənməsində, dərinləşməsində və inkişafında maraqlıdır.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən Oqtay Əsədov hər iki ölkənin parlamentlərinin qarşılıqlı fəaliyyətinin bu münasibətlərə müsbət təsir etdiyini bildirib. Milli Məclisin sədri Sergey Narışkini Bakıda keçiriləcək ATƏT Parlament Assambleyasının yaz sessiyasına iştirak etmək üçün dəvət edib.
Oqtay Əsədov həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozinin də iyun ayında Azərbaycana səfər edəcəklərini diqqətə çatdırıb.