Aktauda neft sızmaları ilə bağlı təlim keçiriləcək

Yaxın vaxtlarda Aktauda neft sızmaları ilə bağlı təlim keçiriləcək.

APA TV-nin xəbərinə görə, bu barədə Qazaxıstan fövqəladə hallar naziri Vladimir Bojko azərbaycanlı jurnalistlərə bildirib. O, bu təlimə Azərbaycan FHN-in nümayəndə heyətinin də dəvət edildiyini bildirib: "Ümid edirəm ki, təlimdə Azərbaycanın Fövqəladə Nazirliyinin ekspertləri iştirak edəcək. Amma biz belə razılığa gəlmişik ki, təlimlərin keçirilməsi sahəsində əməkdaşlıq edək. Mən belə bir təklifi Azərbaycanda Fövqəladə Hallar Nazirliyindən almışam”.

 

Türkiyə fəlakət və fövqəladə halların idarə edilməsi komitəsinin baş direktoru Fuat Oktay da Türkiyə baş nazirinin köməkçisi Bəşir Atalayla Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında görüşün keçirildiyini diqqətə çatdıraraq, görüşdə ciddi şəkildə ikitərəfli əməkdaşlığın müzakirə edildiyini deyib: "Bu, həmçinin birgə təlimlər sahəsində də olacaq. Bu gün Azərbaycanın bu sahədəki təcrübələrini daha yaxından gördük. Birgə əməkdaşlığımız bundan sonra daha da inkişaf edəcək".

 

Qəbələdə İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfrans keçirilib. Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarəedilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbərləri iştirak edib.

 

Konfransın yekununda iyunun 5-də konfrans iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.

Pakistanın fəlakətlərinin idarə olunması üzrə Milli Agentliyinin sədri Muhammed Saeed Alem Azərbaycanda olmaqdan və bu konfransda iştirak etməkdən məmnun olduğunu bildirib.

Müəllif | Apa.Tv