Magistratura pilləsinə aparılan ixtisaslaşma seçiminin nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin magistratura pilləsinə aparılan ixtisaslaşma seçiminin nəticələri elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA TV-yə verilən məlumata görə, bakalavrlar nəticələrlə TQDK-nın internet saytından və ya iş nömrəsini 7727-yə SMS göndərməklə tanış ola bilərlər. Müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin bu ilki, 1695-i isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2101-i oğlan, 3025-i isə qızdır. Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2014-cü ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Müəllif | Apa.Tv
Almaz Qasımova