Prezident İlham Əliyev Nursultan Nazarbayevə təşəkkür etdi
"Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə çox böyük ehtiyac var". Bunu Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkələrimizin üzv olmadığı təşkilatlarda Şuraya üzv olan ölkələrin fəaliyyəti böyük önəm daşıyır: "Mən Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. Bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqını təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə edib. Biz buna görə hörmətli Nursultan Nazarbayevə öz minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi".
Dağlıq Qarabağ münaqişəsindən danışan prezident İlham Əliyev bildirib ki, münaqişə regional təhlükədir: "Bu məsələnin həlli yalnız beynəlxalq hüquq norma və prinsipləri üzərində mümkündür. BMT TŞ- nın 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli və bizim soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in fakt araşdırıcı missiyaları iki dəfə işğal edilən torpaqlara səfərlər ediblər və onların məruzələrində orada bütün dağıntılar öz əksini tapıb. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb".
Şura çərçivəsində iqtisadi əməkdaşlıq da dərinləşdirilməlidir. Prezident İlham Əliyev deyib ki, bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır: "Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlayıb. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 mlrd. dollar olacaq. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək eyni zamanda bizim birliyimizi daha da möhkəmləndirəcək".
Prezident İlham Əliyev bildirib ki, Şura artıq güclü beynəlxalq təşkilata çevrilib. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında dövlət başçıları Zirvə toplantısının birgə Bəyannaməsini, Türk Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərarı imzalayıblar.
Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçilib. Türk Akademiyasının prezidenti vəzifəsinə isə Darxan Kıdırəli təyin olunub.