Vaqif Səmədoğlunun yubileyi keçirildi

Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd olunub.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, Vaqif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrar olunmaz səhifəsidir. R.Mehdiyev Vaqif Səmədoğlunu uzun illər tanıdığnı və onun ölkədə cərəyan edən hadisələrə həmişə obyektiv qiymət verdiyini vurğulayıb. O bildirib ki, şairin fitri istedadı və təvazökarlığı ictimaiyyət tərəfindən həmişə hörmətlə qarşılanıb.

 R. Mehdiyev prezident İlham Əliyevin Vaqif Səmədoğluna ünvanlanan təbrik məktubunu və şairin “İstiqlal” ordeni ilə təltif olunması haqqında sərəncamını oxuyub.

Çıxış edən Vaqif Səmədoğlu mükafata görə ölkə başçısına təşəkkürünü bildrib:  “Cənab prezidentə dərin təşəkkürümü bildirirəm. Riyakarlıq olar mən desəm ki, mən bu ordenə layiq idim. Bir dəfə prezidentlə söhbətdə zarafatyana dedim ki, “Şöhrət” ordenim var, şöhrətpərəst adam deyiləm. Amma, istiqlaliyyət uğrunda, milli azadlıq hərəkatında iştirak etmişəm. Deyəsən, o zaraftım yadınızda qalıb”.

 

Daha sonra çıxış edən  Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar , millət vəkili Nizami Cəfərov, rejissor Ramiz Həsənoğlu və digərləri V.Səmədoğlunu təbrik edib, ona xoş arzularını çatdırıblar.

Yubileydə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

Müəllif | Apa.Tv