Psixi xəstəxanalarda müalicəsi bitən kimsəsizlərin aqibəti necə olur?

"Üç ildir xəstəxanadayam. Ensefalit-epillepsiyadan əziyyət çəkirəm. Həkimlər müalicəmə diqqət göstərirlər, razıyam. Atam, əmim arvadı gəlirlər yanıma. Ən çox qardaşım üçün darıxıram. Onlara bir sözüm var, artıq yaxşıyam, gəlib məni aparsınlar" .

 

Mələk Həsənova  1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. APA TV-nin məlumatına görə, üç ildir paytaxtın Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında  müalicə alır. Bura düşməsinin səbəbini soruşduqda susur. Amma doğmaları üçün darıxdığını deyir. Burda tək Mələk yox, digər müalicə alanlar da  doğmalarının, dostlarının yolunu gözləyir. Nurlana Bədəlova Mələyin otaq yoldaşıdır. Bir övladı olsa da, ailəsindən ayrılıb. Deyir, elə hər şey o, ayrılıqdan başladı.

 

"Kənardan baxanlara bu xəstəxananın adı ağır gəlir, amma allah heç kəsə nəsib etməsin buranı. Amma burada qaldıqca alışırsan. Ailəli olmuşam, ayrılmışam. Yanıma gəlirlər. Oğlumun bura gəlməsini qəbul edə bilmirəm. Bəzən həyat çox sıxıcı olur. Oğlum üçün darıxıram."

 

 

Sabir Abbasovun 15 yaşı var. İntihara cəhd etdiyinə görə ruhi xəstəxanaya gətirilib. Deyir ki, yuxusuz qaldığına görə intihara cəhd edib. Onu əvvəlcə Semaşkoya aparıblar. Sonra bura gətiriblər. Evdə iki uşaqdırlar. Bacısını görmək istəyir. Xəstəxanada sıxıldığını deyir".

 

Fərqli tale yaşasalar da bu xəstəxanada müalicə alan bütün uşaqlar və yeniyetmələr daha çox doğmalarını görməyə can atır. 14 yaşlı Əli deyir ki, anasını çox incidirmiş, o da övladını bura gətirməklə onu cəzalandırıb.

 

"Evdən qaçırdım, işləyirdim. Hərdən sözə də baxmırdım. Atamın yanına qaçırdım. Atamla anam ayrılıblar. Bunun görə anam məni möhkəm döyürdü. Sonra bura gətirdi, dedi ki, burda qal. Bu həm sənə, həm də mənə yaxşı olacaq. Dayım da çox döyürdü məni. Başımda pol ağacını sındırmışdı".

 

 

Amma Cavidin arzuları həmyaşıdlarından fərqlidir... Elə düşüncələri də...

 

"Məktəb yoldaşlarım - Elvin və Murad üçün darıxıram. Müşviqabadda 24 saylı məktəbdə 8 sinfə kimi oxudum. Ən çox sevdiyim məşğuliyyət futbola baxmaqdı. Ən böyük arzum isə Qarabağı almaqdı".

 

1 saylı Respublika Psixiatriya Xəstəxanasının  baş həkimi Ağahəsən Rəsulov bildirib ki, hazırda burda 25 yeniyetmə, 19 uşaq var. Ümumi xəstələr 1949 nəfər təşkil edir. Bunlardan 440 nəfərə yaxını qadınlar, qalanı kişilərdir. Ötən il xəstəxanaya müayinə üçün 8800 nəfər müraciət edib.

 

"Bölgələrdən bura çox axın olduğundan xəstələrin sayı da artır. Xəstəxana müasir standartlara cavab verir. Qidalanma yaxşıdır. Dərman təchizatı, inventar təchizatı da müasir tələblərə cavab verir. Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında  əmək təlimatçıları, psixoloqlar, sosioloqlar daim xəstələrlə iş aparırlar. Burda rəqs və uşu dərnəyi var. Bundan əlavə şahmat və dama dərnəkləri də var. Bütün bunlar ruhi sarsıntısı olan insanlara psixoloji təsiri azaldır".

 

Ağahəsən Rəsulov  xəstələrin ev şəraitində saxlanılmasının tərəfdarıdır. Onun sözlərinə görə psixi pozğunluq hər bir normal şəxsdə ola bilər. Bu şəxslər xəstəliyin formasından, çəkisindən asılı olaraq müalicəyə cəlb olunur. İki tip - kəskin və xronoloji ruhi xəstələr olur. Onlardan birincilərin müayinəsi 1 ay da davam edə bilər. Bundan sonra xəstə evə buraxılır, müayinə və müalicəsi isə ev şəraitində davam etdirilməlidir. Çünki cəmiyyətdən təcrid olunmadıqda, xəstə daha tez sağalır, nəinki yaxınlarından kənar qalanda.

 

 

"Əvvəllər xəstələr daim burda qalırdılar. İndi çalışırıq kimin evi, ailəsi varsa heç olmasa bir gün də olsa evində gecələsin. Psixiatriya elmində belə bir termin var "Hospital sindromu". Bundan xəstələri uzaqlaşdırmaq mütləqdir. Sonra isə əgər o insanlarda yenidən problem yaşanarsa, yenidən onları bura qəbul etməyə hazırıq.

 

 

Ağahəsən Rəsulov artıq sağalmış xəstələrlə bağlı üzləşdiyi ciddi problemlərdən də söhbət açıb. O, bildirib ki, sosial əlaqələrini itirmiş xəstələri xəstəxanada saxlayıb yatıra bilmirlər.

 

 

"Çünki onların xəstəxanada yatmağa ehtiyacı yoxdur. Müalicə olunublar, normal vəziyyətdədirlər. Sadəcə, onların nə evi, nə ailəsi var, bir kəsləri üzə çıxmır. Əlavə olaraq qeyd olunub ki, xəstəxanada təxminən 345 nəfərə yaxın belə adam var. Onlar üçün yataqxana şəklində yaşayış məskənləri salmaq lazımdır. İndi xəstələrin şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədi ilə "ASAN xidmət"lə də danışıqlar aparılır".

 

Heç kim zəmanət verə bilməz ki, onda psixi xəstəlik olmayacaq. Avropada psixikasında pozuntu olan şəxsin saxlama müddəti 12 gündür. Əgər xəstə vəziyyətdən çıxıbsa, onu saxlamağa heç kimin ixtiyarı yoxdur. İnsanların azadlıq hüquqları var. 2001-ci ildə “Psixiatriya yardımı haqqında” qəbul olunmuş qanuna görə, stasionardan çıxarma qaydalarında göstərilir ki, xəstənin özünün, yaxud yaxın qohumlarının ərizəsi və həkimin rəyinə əsasən müalicə dövrü tamam olduqda, o xəstəxanadan çıxarıla bilər. Hər bir ruhi xəstə övladı olan valideyn isə həkimlərin dediklərinə ciddi əməl etməlidir. Onu evdə saxlamaqla, həm özünü, həm də övladını təhlükəyə atmış olur.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı