"ZİL" "Jiquli"ni əzdi: 2 yaralı
Lənkəranda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 203-cü kilometrliyində, rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Darquba kənd sakini, 42 yaşlı Eyvaz Yusubovun idarə etdiyi “ZİL” markalı yük maşını baş yola çıxarkən, sağdan gələn 28 yaşlı Lənkəran rayon sakini Asif Tağıyevin idarə etdiyi “VAZ 2107" markalı minik avtomobilinə yol verməyərək ona çırpılıb. Güclü zərbədən “VAZ 2107” markalı avtomobil deformasiyaya uğrayıb, həmçinin sürücü və onun yanındakı sərnişin, Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 43 yaşlı Sənan Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər sərnişin Sənan Rzayevə döş qəfəsində əzilmə, sıyrıntılar, sürücü Asif Tağıyevə isə üzündə kəsilmiş yara və əzilmələr diaqnozu qoyublar. Hər iki yaralıya müvafiq tibbi yardım göstərilib. İlkin versiya kimi qəzanın “ZİL” markalı avtomaşının baş yola çıxarkən sağdan gələn nəqliyyat vasitələrinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır. Yekun nəticə isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.