TQDK sədri: "Nəticələr aşağı səviyyədədir"
Bu il Azərbaycanda keçirilən sınaq imtahanlarında I qrup üzrə 13, II qrupda 4, III qrupda 9, IV qrupda isə 28 nəfər 680-700 bal arasında nəticə göstərib. APA TV-nin məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, sınaq imtahanlarının nəticələrinə əsasən ən aşağı bal I qrupda qeydə alınıb. 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçimi nəticəsində plan yerləri 81 faizi dolub.
"Bu proqram üzrə boş yerlər olsa da, iddiaçılar yoxdur. Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyunun 25-dən iyulun 10-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bu ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bu ilin məzunlarında hələlik diplom yoxdursa, qeydiyyatdan keçmək üçün arayış gətirməlidirlər. Onların iyun ayında dövlət imtahanları, diplom müdafiəsi var və bu proses iyunun 25-dək davam edəcək".
Deyilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər. Məleykə Abbaszadə qeyd edib ki, bu günə kimi 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə 22 min nəfər sənəd verib və onlardan 10 mini əvvəlki illərin məzunlarıdır. Əvvəlki illərin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün iyunun 29-da imtahanda iştirak edəcəklər.
"Ona görə onlar iyunun 12-dək sənəd verməlidir. Həmin müddətdən sonra imtahanda iştirak etmək üçün sənəd vermək mümkün olmayacaq. Bu ilin məzunları isə yalnız buraxılış imtahanı verəcəklər və onun nəticələrinə əsasən orta ixtisas məktəblərinə qəbul olunacaqlar. Amma müsabiqədə iştirak etmək üçün bu ilin məzunları da elektron ərizə doldurmalıdır. Bu ilin məzunlarından yalnız 10-11 min nəfəri sənəd verib. Sənəd qəbulu prosesi mayın 12-dən başlayıb və iyunun 12-dək davam edəcək. Bu proses 1 ay davam edir. İyun 12-dən sonra orta ixtisas məktəblərinə sənəd vermək mümkün olmayacaq".
TQDK sədri əlavə edib ki, 9 illik bazadan müxtəlif texnikumlarda qabiliyyət imtahanı tələb olunur. Onun sözlərinə görə, bu il təsviri incəsənət sahələrinə sənəd verənlərin sayı 2 dəfə azalıb.