Rusiya mediası Azərbaycan parlamentinin sədrinin adından yanlış məlumat yayıb
Azərbaycan Milli Məclisi Rusiyanın İTAR-TASS agentliyinin ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycanın Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etməsi barədə yaydığı məlumatla bağlı bəyanatla çıxış edib. APA TV-nin məlumatına görə, bəyanatda bildirilir ki, Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilib və görüşdə Milli Məclisin sədri tərəfindən belə bir fikir səsləndirilməyib. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə edib, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulayıb. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də İTAR-TASS agentliyinin xəbərini təkzib edib.