Allahşükür Paşazadə: "Vəhhabilər, uzun saqqallılardan qorxmayın"

"Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub".

 

APA TV-nin xəbərinə görə, bunu QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O, din xadimlərini radikal dini qruplaşmaların basqısından qorxmamağa çağırıb: "Azərbaycanda məzhəblər, dinlərarası qarşdurma yaratmaq istəyənlər öz arzularına çatmayacaqlar. Bunun üçün heç bir şərait yoxdur, olmayacaq da. Biz bu şəraiti heç kim üçün yaratmayacağıq. Mən dəfələrlə demişəm, bizim heç bir məzhəb, din, əqidə ilə işimiz yoxdur".

 

Şeyx "çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqallı ağzına gələni danışır. Hətta şiələr arasında da radikallıq nümayiş etdirənlər var. Məsələn, fətva verir ki, get filankəsin başını kəs. Bundan qorxmayın, əksinə, onlara imkan verməyin” - deyə əlavə edib.

 

QMİ sədri mətbuatdan din xadimləri ilə bağlı yazılanlara da etirazını bildirib: “Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir. Mən demirəm pislikdən yazmayın. Yazın. Amma bunun yaxşı olanları da var axı”.

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyət göstərən din xadimlərini təkmilləşdirmə kurslarının ilk mərhələsinin başa çatması ilə bağlı bu gün sədr Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə tədbir keçirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı