İsmayıllıda bir kəndlə əlaqə kəsildi - TƏBİİ FƏLAKƏT
İsmayıllıda Zərnava kəndi ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsi kəsilib. Kəndin aşağı hissəsindəki otlaq sahəsi və kol-koslu ərazi torpaq sürüşməsinə məruz qalıb. Ümumilikdə 15 hektar ərazidə sürüşmə qeydə alınıb. Kənd bələdiyyəsinin sədri Əliqulu Yadigarov APA TV-nin yerli bürosuna bildirib ki, Fövqəladə Hallar, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gələrək baxış keçiriblər. Avtomobil yolu 500 metr uzunluğunda dağılaraq yararsız hala düşüb. Yolda böyük yarğanlar əmələ gəlib, nəqliyyatın hərəkəti mümkünsüz olub. Kənd sakinləri həmin sürüşmə ərazisindən piyada və at vasitəsilə keçərək hərəkət edirlər. Kəndə alternativ avtomobil yolunun çəkilişi üçün başqa bir ərazi seçilib və bu günlərdə kəndə ağır texnikalar cəlb edilərək yeni yol çəkiləcək. Onun sözlərinə görə, torpaq sürüşməsi əvvəllər də bu kənddə qeydə alınıb və sonuncu dəfə yağan güclü leysan yağışından sonra xeyli aktivləşib və sürüşmə böyük ərazini əhatə edib. Sürüşmə zamanı kənddəki 8 ədəd fərdi yaşayış evinin divarlarında çatlar əmələ gəlib. Kənd sakinləri isə onlara məsləhət görülən Zərnava-Sərdahar-İsmayıllı avtomobil yolundan istifadə etməyin çətin olduğunu bildirirlər.
“Bu yol əvvəlki yoldan çox uzundur, çətin relyefi olan dağlıq ərazidən keçən bu yoldan yağışlı havada istifadə etmək mümkün deyil. Biz hazırda dağılmış yolun bərpasını istəyirik”.
Mütəxəssislər isə hazırda sürüşməyə məruz qalan yolun tez bir zamanda bərpa edilməsinin mümkün olmadığını bildiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Sadiq Əmiraslanov probləmə münasibət bildirib.
"Hazırda ərazidə torpaq sürüşməsi davam edir və yolun bərpası üçün orada ağır texnikaların işləməsi vəziyyəti daha da çətinləşdirər. Ona görə də sürüşməsinin dayanmasını gözləmək lazımdır".
Qeyd edək ki, sürüşməyə mayın 29-da İsmayıllı rayonuna yağan güclü yağışların səbəb olduğu bildirilir. Rayonun Zərnava kəndinə yağan leysan və dolu nəticəsində kənddə sürüşmə yenidən aktivləşib. Hazırda torpaq sürüşməsi davam edir və getdikcə böyük ərazini əhatə edir. Sürüşmə sahəsinin uzunluğu 450-500, eni 350-400 metr, qırılma qaşının hündürlüyü isə 0,6-15 metrdir.