İğdır Ticarət və Sənaye Palatasının sədri Kamil Arslanın APA TV-yə EKSKLÜZİV MÜSAHİBƏSİ

- Ticarət və Sənaye Palataları qeyri-hökumət təşkilatlarıdır. Türkiyə iqtisadiyyatına böyük təsiri olan bu qurumun strukturu necədir və fəaliyyəti nədən ibarətdir?

 

- İlk öncə xoş gəldiniz. Türkiyədə Ticarət və Sənaye palataları Türkiyə Ticarət Qanununa və Gömrük və Ticarət Nazirliyinə bağlı bir quruluşdur. Onun tabe olduğu qurum isə Türkiyə Palatalar və Birjalar Birliyidir. Türkiyədə 365 palata və birjalar var. Bunlara Sənaye palatası, ticarət palatası, ticarət birjası və dəniz ticarət palataları daxildir. Bu qurumların 1 milyon 400 minə qədər hüquqi və fiziki şəxs olan üzvü var. Türkiyə iqtisadiyyatının 65 faizini ticarət adamı və treyderin üzvü olduğu bu palatalar həyata keçirir. Türkiyədə, o cümlədən bu palatalar çox vacibdir. Bu palatalar ilk dəfə  1599-cu ildə Marseldə qurulub. O vaxt sektor toplantıları keçirib. Sonra bu palata şəklinə çevrilib. O gündən bu palatalar dünyanın bir çox yerində vətəndaş cəmiyyəti qurumları olaraq fəaliyyət göstərir. Deyə bilərəm ki, Türkiyədə də bütün iş adamları bu palataların fəaliyyətindən məmnundur. Türkiyənin Avropa ölkələri və Amerikada ticarət palataları var. Amma post-sovet ölkələrində və İranda bu məsələ ilə  bağlı bir qədər problem yaşayırıq. Onların bir çoxunda yoxdur. Qurulma mərhələsində bir sıra tələbləri var. Amma biz istəyərik ki, dünyada əməkdaşlıq etdiyimiz bütün yerlərdə qarşılığını alacağımız palatalar olsun. Biz Avropa Birliyi layihələrində Yunanıstanın bir şəhəri ilə əməkdaşlıq həyata keçiririk, qardaş palata olmuşuq. Türkiyənin bir çox şəhərinin bu cür qardaş palataları var. Bunun da təbii ki, faydaları var. Ona görə də biz istəyərik ki, Rusiyanın bütün respublikalarında, Azərbaycanda, İranda bu vətəndaş cəmiyyəti qurumları genişlənsin, bu palataların vasitəsi ilə münasibətləri daha da inkişaf etdirək.

 

- İğdır Ticarət və Sənaye Palatasının neçə üzvü var?

 

- İğdır Ticarət və Sənaye Palatasının 3500-ə yaxın üzvü var. Onun 2300-ə yaxını aktiv ticarət işi görür, 100-ə qədəri koorperativ, şirkət, dərnək kimi qurum, 1400-ə qədəri isə fiziki şəxsdir. Palatamızın 24-ə qədər Məclis üzvü var. Mənimlə bərabər İdarə heyətinin 7  üzvü var. Biz büdcəmizi özümüz formalaşdırırıq. Dövlətin bizə verdiyi imtiyazlara əsasında üzvlərimizin verdiyi vergidən faiz alırıq Bu şəkildə həyatımızı davam etdiririk, maaşlarımızı özümüz qarşılayırıq. TBMM kimi bizim də öz məclisimiz, idarə heyətimiz, müəyyən qanun və meyarlara bağlı idarəçiliyimiz var.

 

- İğdır iqtisadiyyatının hazırkı durumunu necə qiymətləndirirsiniz?

 

- Bizim kimi metropolis olmayan şəhərlərdə Ticarət və Sənaye palataları birgə fəaliyyət göstərirlər. Biz eyni zamanda Ticarət və Sənaye palatasıyıq. İğdır 1992-ci ildə şəhər olduqdan sonra və "Həsrət körpüsü" açıldıqdan sonra burada ticarət ön plana çıxdı. Bununla bərabər İğdırda əkinçilik və heyvandarlığa bağlı sənayeləşmə inkişaf etdi. Bizim əvvəllər kiçik sənaye sitemiz var idi amma orqanize sənaye bölgəmiz yox idi. 2004-cü ildə 200 hektar ərazidə orqanize sənaye bölgəsi quruldu. Bu gün 19 fabrik aktivdir və 106 parseldən ibarət bir sənaye bölgəmiz var. Burada qatılaşdırılmış meyvə, süd məhsulları, tikinti kimyası, daş, mərmər işləmə, zibil konteynerləri, tamat və buna bənzər digər fabriklər yaradılıb. 1992-ci ildə Naxçıvanla sərhəd qapısı açıldıqdan sonra ticarətimiz daha da inkişaf etdi. 2008-ci ildə Türkiyədə ümumilikdə 1 milyondan ar ixracat həyata keçirən 7 şəhər var idisə, İğdırın ixracat rəqəmi 136 milyon dollardır. Bu Naxçıvana və Azərbaycana edilən ixracat sayəsində baş verdi. Naxçıvan qapıları açılandan sonra iğdırlı iş adamları ticarəti daha yaxşı qavradı. 1993-95-ci illərdə Naxçıvana 3 milyon dollar mal idxal etdiyi halda, 2000-ci illərdə bu rəqəm 65-70 milyon dollara çatdı və idxal 2 milyon dollar oldu. Bu gün iğdırlı iş adamlarının Naxçıvana, və İran üzərindən Azərbaycana həyata keçirdiyi ixracat rəqəmi 106 milyon dollardır. Bu günə kimi 200-ə yaxın ixracatçımız var. Onların bir çoxu İran, Türkmənistan, Azərbaycan, Naxçıvana ixracat həyata keçirir.  Bununla bərabər iğdırlı iş adamlarımız Naxçıvanda, Azərbaycanda yatırımlar həyata keçirib. bu rəqəm 75 milyon dollardır. Amma Türkiyədə də yatırıma təşviq sənədləri bar. Bu sahədə imtiyazlı bölgələrdən biriyik. Vergi, torpaq sahəsi, faiz, iş verən payının dövlət tərəfindən ödənilməsi, elektrikə 50 faiz endirim kimi imtiyazlar var. Azərbaycanlı iş adamlarının İğdıra yatırım etməsini istəyirik. İğdır iqtisadiyyatının əsasən əkinçilik və maldarlıq təşkil edir. İğdır şəhərləşib. Artıq metropol şəhər olmaq yolundadır. Artıq İğdırda və bunun kimi Qars, Ardahan, Ağrı bölgələrində sənaye sahəsində çalışan işçi 1 faiz idi. Bizim palatanın və valiliyin təşəbbüsü sayəsində 2010-2011-ci ildə İzmirdən, İstanbuldan burada iş quran firmaların dəstəyi ilə bu rəqəmi 1 faizdən yuxarı qaldırdıq. Gələcəkdə yatırımların sayəsində artması ilə sənaye sahəsində çalışanların sayı daha da artacaq və buradakı yaşam standartı daha da gözəl olacaq.

 

- İğdır Ticarət və Sənaye Palatası olaraq, azərbaycanlı iş adamları  arasında təşviq etmək üçün hansısa layihələr həyata keçirirsinizmi?

 

- İrandakı Təbriz palataları ilə görüşlər keçiririk. Oradan kifayət qədər adam gələrək bizim yatırımlarımızı, hansı şərtlər daxilində yatırımın mümkün olduğunu  görəcəklər. Daha sonra biz bu sahədə nə cür əməkdaşlıq edə biləcəyimizi müzakirə edəcəyik. Biz Azərbaycan çox gəldik. prezident İlham Əliyev valilik səviyyəsində İğdır nümayəndə heyətini iki dəfə qəbul etdi. Biz istərik ki, Azərbaycandakı ticarət həcmi böyüsün, birgə iş görək. Biz Azərbaycana gəlib, Türkiyədəki, İğdırdakı yatırım şərtlərini deyək, oradakı iş adamları buraya gəlsinlər. İğdır ən imtiyazlı bölgədir. Ona görə ki, Ağrı, Ardahan, Qars, Hakkari kimi bölgələrdən iqlim, coğrafi və strateji baxımdan üstünük. Həm də gənclərdən ibarət və təhsilli insanlarımız çoxdur. Biz indi tekstil sahəsində Çinlə rəqabətə giririk. Çinə mallar göndəririk. Ötən il Gürcüstan-Azərtbaycan-Türkiyə forumu keçirilmişdi. Orada nazirlərimiz Cevdet Yılmaz və Zafer Çağlayan da iştirak etmişdi. Orada nazirlər çıxış etdi. Nazir Çağlayanın çıxışında belə bir məqam diqqətimizi çəkdi. O dedi ki, təbii ki, Azərbaycanla qardaş ölkəyik. Amma qardaş qardaşın evinə heç vaxt viza ilə getməməlidir. Hazırda Gürcüstanla İğdır arasında yaxşı münasibətlər mövcuddur. İnşaat firmalarımız orda iş qurub. Çünki rahat, şəxsiyyət vəsiqələri ilə gedirlər. Bu yaxınlarda tacir-tüccarlarımızın rahat gedib gəlməsi ilə bağlı şad xəbər yayıldı. Lakin hələ ki, həyata keçməyib. Bunu gözləyirik. Mən Azərbaycana 1996-cı ildən ixracat həyata keçirirəm. Bu yaxınlarda gedəndə 3 gün keçəndən sonra Xarici İşlər Nazirliyinə getməli olduğum və blank doldurmalı olduğum deyildi. Amma mən bir Türkiyə vətəndaşı olaraq bundan rahatsız oldum.

 

- İğdırın iqtisadi əhəmiyyətini artıran amillərdən biri də 3 ölkə ilə sərhəddə yerləşməsidir. Ermənistanla sərhədlərin açılması İğdıra nə verə bilər? Açılmalıdırmı və açılarsa, hansı şərtlər irəli sürülməlidir?

 

- İğdırın 1 milyon dollar ixracat həyata keçirməsində sərhəd vilayəti olmasının da rolu var. Bizim Ermənistanla, Naxçıvanla və faktiki olaraq açıq amma fiziki cəhətdən bağlı İran qapımız var. Biz İranla Borağan qapımızın açılması üçün cəhdlər etdik, heyət olaraq, İrana, Təbrizə, Urmiyaya getdik. İkili görüşmələrdə müzakirə etdik. İran tərəfindən müsbət bir işarə ala bilmədik. hələ də gözləntilərimiz davam edir. Daha sonra Dilucu qapısının açılması müzakirə obyekti oldu.  Bu gün Naxçıvanla olan bu qapının Türkiyə tərəfini biz düzəldirik. Yəni Türkiyə ticarət və Sənaye Palatası Türkiyə boyunca 7 sərhəd qapısı düzəldir. Bu qapı ən gec oktyabrın axırına bitəcək. Fevral ayında təməlatma mərasimi keçirildi. Bu sərhəd bitdikdən sonra Türkiyənin ən modern ən çox gediş gəlişli qapılarından biri olacaq. Biz istədik ki, Dilucu məntəqəsindən İranın da qapısı olsun. İki ölkəyə eyni adan xidmət edə biləcəyimiz bir qapı yaradaq. Ancaq bir il gözlədik. İkili münasibətlərdə bir irəliləyiş olmadığı üçün Azərbaycanla qapını bu gün düzəldirik. Bu qapı Naxçıvanla İğdır arasında ticarətin çox da böyüməsinə səbəb olacaq. Növbəti bir məsə Ermənistanla qapının açılmasıdır. Bu istiqamətdə müəyyən şəxslərin gözləntiləri ola bilər. Bəzən tacirlər ticarətin milliyyəti olmadığını deyirlər. Amma biz hər nə qədər iki dövlət olsaq da, bir millətik. Biz Azərbaycan torpağının 1/3-nin işğal altında olması qarşısında, Ermənistanın Türkiyəyə qarşı torpaq iddiaları olması qarşısında, soyqırımı iddialarını dünya mediasında söylədiyi müddətdə biz Ermənistanla aramsızda olan sərhəd xəttinin açılmasını istəmirik. Bu mən və Türkiyə iş adamlarının fikri ilə bərabər, Türkiyə insanının da həssaslıq duyduğu bir mövzudur.  Baş nazirimiz də bu yaxınlarda Bakıya gələndə bu fikirləri təkrarladı ki, Azərbaycanla Ermənistanın münasibətləri düzəlmədiyi halda qapının açılması mümkün deyil. Təbii ki, qapının açılmasının ticari, turizm və sair sahələrdə İğdıra faydası olar. Artıq qloballaşan, sərhədlərin ardan götürüldüyü bir dünyada Ermənistan da Azərbaycanla münaqişəsinin bitməsi üçün işğal olunmuş torpaqlardan çıxmalı və Türkiyəyə qarşı ərazi, soyqırımı iddialarından əl çəkməlidir.

 

- Erməni mediasında bəzi iğdırlı iş adamlarının ermənilərlə ticarət əlaqələrinə girdiyi yazılır. Bunların əsası varmı?

 

- Bu, həqiqət deyil. Bizdə qeydiyyatda olan iş adamlarının hansı sahədə, hansı ölkəyə, hansı  həcmdə ixracat həyata keçirdikləri diqqətimizdədir. Türkiyədə olduğu kimi, İğdırda da sayı 3 nəfərdən artıq olmayan iş adamları adı altında şəxslərin Gürcüstan vasitəsi ilə bəzi yuyucu vasitələr satdığını bilirik. Onların bizdə qeydiyyatı yoxdur. Amma elə bir yatırım həyata keçirən bir iş adamı yoxdur. Bunu biz də tövsiyə etmirik. O şəxslər də iğdırlı kimi mühakimə edilməməlidir. Belə bir şey yoxdur. Həm də Ermənistanda yatırım həyata keçiriləcək şərt, vəziyyət yoxdur. Bunun 10 misli Türkiyədə var.

 

- Azərbaycan və Türkiyənin iştirakı ilə yaxınlarda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi planlaşdırılır. Bu kimi regional layihələrin İğdır iqtisadiyyatına yararı nə olacaq?

 

-  Heydər Əliyev "Bakı-Tbilisi boru xətti həyata keçəcək" dediyi zaman çox adama bu xəyal gəldi. Bu layihə "həyata keçməz" dedilər, həm iqtisadi, həm zaman həm də ölkələrin müdaxiləsi cəhətdən. Amma şükür ki, bu layihə həyata keçdi. Həm Azərbaycana, həm Türkiyəyə, həm də bölgəyə faydası oldu. Biz Bakı-Tbilisi-Qars dəmiryol xəttinə İstanbul-Karaçi xətti deyirik. İnşallah, bunun Azərbaycan və Gürcüstan üzərindən bağlantısı olacaq. Bu regional yatırımlar bölgənin, ölkələrin qurtuluşu deməkdir. Bu layihə ilə bağlı sözlərin ağızdan çıxmasından indiyə kimi pozitiv hərəkətlilik var. Biz palata olaraq burada açıq bazar və logistika mərkəzi qurmaq istəyirik. Çünki İğdırda 4000-dən çox qeydiyyatda olan TIR var. 56 ədəd beynəlxalq daşınma həyata keçirən firma var. Biz hər ay beynəlxalq daşınma həyata keçirən bölgələrə 1000-dən çox TIR veririk. Ona görə də bu layihə bu bölgədə açıq bazar, sərbəst bölgə və logistika mərkəzi yaratmağımıza kömək edəcək. İranla bizim aramızda Türkiyədə heç olmayan ortaq sənaye bölgəmiz var. Enerjisini İran qarşılayacaq, infrastrukturu Türkiyə quracaq. İranla Türkiyə arasında bu layihənin həyata keçirilə biləcəyi 4 əyalət var idi: Van, Ağrı, Hakkari, İğdır. İrandan gələn nümayəndə heyəti İğdırı seçdi. Dedilər ki, bu dünyada ikinci olacaq layihə həyata keçiriləcəksə, bu bölgənin insanının rifahına xidmət edəcək. Dilucu sərhədində Naxçıvan və Türkiyə və İranın ortaq ticarət bölgəsi olacaq bu yer üçün 40 min hektar yer lazım idi. Bu ərazidə bizim 173 min hektar dövlət ərazimiz var. dedik ki oraya quraq. hazırda bu layihə icrasını gözləyir. 

 

- APA TV-yə və bizim televiziya vasitəsi ilə izləyicilərə  çatdırmaq istədikləriniz...

 

- Bizim Azərbaycandan gözləntilərimiz var. Bu bölgəyə Azərbaycan da bir qisim yatırımlar etsin. Mən Azərbaycan prezidentindən viza rejimini sadələşdirməyi və iki ölkə üçün ticarət və sənaye palatalarının qurulmasını rica edirəm. Bu yaxınlarda Palatalar və Borsalar birliyinin toplantısında Türkmənistan və Qazaxıstan palataların qurulması üçün Türkiyədən səlahiyyətli şəxslər istəyib. Biz Azərbaycana da bu sahədə yardım edə bilərik. Mən 1996-cı ildən bəri Azərbaycanla iş qurmuşam. Hər gediş-gəlişimdə Azərbaycanın daha da inkişaf etdiyini, irəlilədiyini görürəm və Türkiyə azərbaycanlısı olaraq bundan qürur duyuram. İnşallah, Azərbaycanın gələcək günləri daha gözəl olar. Azərbaycanın tək neftlə deyil, sənaye sahəsi ilə önə çıxmasını arzu edirəm. Televiziyanız vasitəsi ilə dünya azərbaycanlılarına gözəl günlər arzulayıram.

 

Müəllif | Apa.Tv
Vüqar Məsimoğlu