“Baku Fires” Kuba klubuna məğlub oldu, ümid bu günədir

Ötən axşam Bakıda Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında final oyununun ilk qarşılaşmaları keçirilib.

 

Görüşdən əvvəl Beynəkxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu mətbuat konfransı keçirib. O, “Baku Fires” klubunun və Azərbaycan Boks Federasiyasının gördüyü işlərdən tam razı olduğunu bildirib.

 

AİBA prezidenti quruma noyabrda olacaq seçkilərlə bağlı danışarkən deyib ki, növbəti dəfə namizədliyini irəli sürəcək: “Son 8 ildə AİBA-ya mən rəhbərlik etmişəm. Növbəti seçkidə də namizədliyimi irəli sürəcəm. Bunu bir sıra federasiya rəhbərləri məndən xahiş ediblər. Yeni proqramıma gəlincə, bilirsiz ki, artıq boksçular şlemsiz döyüşürlər. Ümumdünya Boks Seriyası, Peşəkar Boks Liqası kimi liqalar yaradıldı, qadın boksu Olimpiya Oyunlarında yer aldı. Əsas məqsəd bu proqramı davam və inkişaf etdirməkdir. Peşəkar Boks Liqasına sentyabrda start verəcəyik və bu yarışlarda lisenziyalar olacaq”.

 

Ümumdünya Boks Seriyasının (WSB) 2013/2014-cü illər mövsümünün final mərhələsinin ilk görüşünə gəlincə, Azərbaycanın “Baku Fires” və Kubanın “Cuba Domaderos” komandaları arasında “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşma gözlənildiyi kimi gərgin keçib. Çünki Ümumdünya Boks Seriyasında debütant olan Kuba təmsilçisi cari mövsümdə bütün görüşlərini qələbə ilə başa vuran yeganə komandadır. “Baku Fires” isə kubalılarla hər iki qarşılaşmada 2:3 hesabı ilə uduzmuş yeganə klubdur.

 

Rəqibin heyətində Yosbani Veita və Erislandi Savon bu mövsüm bütün görüşlərini qələbə ilə bitiriblər. Doğma divarlar və azarkeşlər Bakı təmsilçisi üçün əlavə üstünlük olsa da, “Baku Fires” ilk oyun gününü 3:2 hesabı ilə məğlub başa vurub. 

 

Boksçularımızdan 49 kiloqram çəki dərəcəsində Məhəmməd Qurbanov və 64 kq. çəki dərəcəsində Heybətulla Hacəliyev rəqiblərindən üstün olsalar da, 56 kq. çəki dərəcəsində Həmzə Nametov, 75 kq. çəki dərəcəsində Xaybula Musalov və 91 kq. çəki dərəcəsində Əbdülqədir Abdullayev məğlub olublar.

 

Qeyd edək ki, final mərhələsinin ikinci görüşündə digər 5 çəki dərəcəsində olan idmançılar mübarizə aparacaq. Qalib də bu gün keçiriləcək ikinci görüşdən sonra müəyyənləşəcək. Əgər tərəflər hərəsi 1 dəfə eyni hesabla qələbə qazanarsa, o zaman 69 kq çəki dərəcəsində Yevgeni Romaşkeviçlə Arisnoidis Despaigne arasında əlavə döyüş keçiriləcək.

 

 

Müəllif | Apa.Tv