Qurban Yetirmişli: "Bundan sonra da “after şok”ların olması gözlənilir"

"Abşeron və Bakını əhatə edən zəlzələ ocaqlarının hamısı Xəzər dənizində yerləşir. Xəzər dənizində zəlzələ baş verdikdə, bu, Bakıda və Abşeronda hiss olunur".

Respublika Seysmoloji Xidmət Mərkəzinin  baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, bir neçə gündür, Xəzərdə müxtəlif ballarda zəlzələ baş verir. Bunların hamısı bu gün səhər qeydə alınan güclü zəlzələdən öncə olan “for şok”lar idi. İndi baş verən əsas zəlzələ isə “şok” olub. Bundan sonra da “after şok”ların olması gözlənilir: "Bir dəfə sınıb dağılmaqla məsələ bitmir, hərəkət ola bilsin, qırılıb düşsün, müəyyən qanadlarda parçalanma getsin ”.

 

Baş direktor son günlər Xəzər dənizində baş verən zəlzələlərin səbəblərinə aydınlıq gətirərəkən bildirb ki, hazırda zəlzələ ocağında sakitlikdir və proses dayanıb. Ocaqda baş verən hərəkətlərin araşdırılacağını deyən Qurban Yetirmişlinin sözlərinə görə, zəlzələ ocağı dərinlikdə olduğu üçün qorxusu yoxdur.

 

Qeyd edək ki, bu gün saat  11:05-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5.4 bal, dərinliyi 61 km olub. Zəlzələ Bakıda 3 bal gücündə hiss olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv