Bakıda ticarətin elektronlaşması ilə bağlı tədbir keçirildi

Azərbaycan paytaxtında “e - Ticarət Master Class” tədbiri keçirilib. APA TV-nin xəbərinə görə, Qafqaz Universitetində “Central Business School” layihəsi çərçivəsində keçirilən tədbir “Digitera” şirkəti tərəfindən təşkil olunub.

Tədbirdə “Google”ın Türkiyə üzrə nümayəndəsi Sedat Kılıç “Gələcəyin elektron ticarətinə baxış” mövzusunda çıxış edib. O, elektron ticarətin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb.

 

“Onlayn ticarət sayəsində hazırda dünyanın bir çox pərakəndə mağazalarının bağlandığını görürük. Çünki onlar öz ticarətlərini daha geniş formada internet üzərindən qururlar”.

 

Sedat Kılıçın sözlərinə görə, onlayn ixracat Türkiyənin 2023-cü ilə qədər nəzərdə tutulan ticarətinin əsasını təşkil edəcək. “Evmanya” şirkətinin təmsilçisi Aslı Gökdərə isə “e - Ticarət”də iş planının qurulmasından danışıb. O, ticarətdə keyfiyyətin xüsusi önəmini vurğulayaraq, bunun düzgün təbliğinin sağlam rəqabət baxımından vacib olduğunu deyib. Tədbirdə Türkiyənin aparıcı elektron ticarət platformaları və bank ödəmə sistemlərinin sahibləri də çıxış ediblər. “Sahibinden.com”, “Markafoni.com”, “Doğan Online”, “Google Türkiyə”, “Garanti Bankası”, “Evmanya.com”, “Akakce.com”, “KobiMaster” kimi iri ticarət platformalarının mütəxəssisləri Azərbaycanda bu sahədə çalışan və karyera qurmaq istəyənlərlə təcrübə və biliklərini bölüşüblər. APA TV-yə açıqlamasında “Shopera.az”ın direktoru Rəşad Camal bildirib ki, Azərbaycanda da “e - Ticarət” yüksək sürətlə inkişaf edir edir və bunun üçün kifayət qədər zəmin var.


"Gündəlik hesabatlar hazırlayırıq. Hər saat başı inkişaf gedir. Hal-hazırda 40-a yaxın “e - Ticarət”lə məşğul olan şirkət fəaliyyət göstərir. Elə düşünürəm ki, ilin sonuna qədər bazarda 150-200-ə yaxın şirkət olacaq".
 

Qeyd edək ki, “e - Ticarət Master Class” tədbirinin sponsorları “Shopera.az”, “MSN Tour” və “QUTechnopark”dır. Tədbirin media dəstəyi isə “APA Holding”ə məxsusdur.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı