Qafqaz Müsəlmanları İdarəsi: Qadın yas mərasimlərinə nəzarət etmək çətindir
El arasında belə bir deyim var "Toy və yas hər evin "qonağı"dır". Bəli bu "qonaq"ın evlərə nə zaman gəlib, nə zaman gedəcəyini bilən yoxdur. Xüsusilə də söhbət insanları qəflətən haqlayan ölümdən gedirsə. Zaman keçdikcə insanların təfəkkürünün dəyişdiyi kimi onların yas mərasimlərinə baxışı da dəyişib. APA TV-nin məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli hesab edir ki, yas mərasimlərində nəzarət daha çox qadın məclislərində aparılmalıdır. İlk növbədə məclisin idarə olunmasını öz öhdəsinə götürən mərsiyə oxuyanlarla bağlı tədbir görmək lazımdır. Çünki orada qadınlara nə deyildiyi, məclisdə hansı söhbətlərin aparıldığı bilinmir. Bu qadınlar harada təhsil alır? Onların Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və onun nəzdində olan məscidlərlə əlaqəsi varmı? Millət vəkilinin fikrincə, bu tip sualların cavablarını elə QMİ tapmalı bu sahəyə ciddi nəzarət etməlidir.
"Qadın məclislərinə qadınlar molla kimi girirlər. Onların orada nə danışdıqlarını heç kim anlamır. Sonra da hər kəs öz başa düşdüyü kimi həmin söhbətləri müzakirə edir. Onların nöqsanları çoxdur. Çarşab bağlamaqla qadının məzmunu dəyişmir. Hər axund öz ərazisində olan mərsiyəxanlarla söhbət aparmalıdırlar".
Millət vəkili deyir ki, əgər vaxtı ilə yas məclislərində süfrədə bir cür, nadir hallarda iki çeşid yemək olurdusa, bu gün süfrədə barmaq basmağa yer tapılmır. Əksər hallarda ramazan ayında belə yas mərasimlərində süfrə açılıb ehsan verilir. Lakin bu zaman oruc tutan şəxsləri heç kim nəzərə almır. QMİ-nin sədri Hacı Allahşükür Paşazadə isə hesab edir ki, yas mərasimlərində kişi məclislərinə nəzarət etmək daha asan başa gəlir. Çünki axundlar burada aparılan həm dini söhbətlərə, həm də süfrədə verilən ehsana nəzarət edə bilirlər. Qadın məclisləri son zamanlar gözdən uzaq qalıblar. Seyxülislam bunun çarəsini İslam Universitetində oxuyan qız tələbələrin təhsillərini başa vurduqdan sonra qadın məclislərinə mollalıq etməkdə görür.
"Bacım rəhmətə getmişdi, biz də rayona yasa getdik. Ramazan ayı idi. Gördüm o biri bacım qadın məclisinə əlində çaynik çay aparır. Soruşanda ki, orucluq vaxtında çayı süfrəyə kimə aparırsınız, dedi ki, molla istəyir. Əgər molla özü oruc tutanların yanında çay, su içirsə, onda adi vətəndaşlara necə qadağa qoymaq olar? Belə hallara gərək yol verilməsin. Bizim universitetin qızları gələcəkdə bu məclislərdə mollalıq edəndə belə halların qarşısını alarlar. Bu bizim yaralı yerimizdi".
15 ildir yas mərasimlərində mollalıq edən Qızxanım Axundova isə deyir ki, paytaxtda təşkil edilən yas mərasimləri mərhumun yaxınlarının istəyindən asılı olur.
"Məclisə girəndə ev yiyəsindən soruşuram ki, siz məclisdə nəyi görmək istəyirsiniz? Bəziləri deyir ki, elə mərsiyələr de ki, camaat ağlasın. Bəziləri isə dini söhbətlər elə, adamların suallarına cavab ver, onlar nəyi düzgün edib etməməyi bilsin deyirlər. Mənd ə o cür edirəm".
Molla deyir ki, yas mərasimlərinə gedəndə bəzən lap peşman olursan. Çünki sözün həqiqi mənasında səs-küyə düşürsən - kimisi yemək dalınca qaçır, kimisi də yas yerinə uyğun olmayan söhbətlər edir. Bəzən məclis iştirakçıları növbə ilə öz mərhum yaxınlarına pul müqabilində salavat çevirdirlər ki, bu da saatlarla davam edir. Belə halda mərhum tamamilə yaddan çıxır. Mərsiyəçi xanımdan onu da öyrəndik ki, ramazan ayında günorta saatlarında süfrə açıb oruc tutan insanların yanında ehsan yemək dində məqbul sayılmır.
"Mən hər yas mərasimində təbliğ edirəm ki, oruc tutan insanların yanında ehsan yemək düzgün deyil. Lakin bəzən ev sahibi bizi məcbur edir ki, süfrə açırıq, siz də dua oxuyun, biz də oxuyuruq, çünki qul sahibiyik. Amma süfrə duasını oxumuruq. Sadəcə fatihə verib süfrəni yığışdırırlar".
Bir vaxtlar yas mərasimlərinin özünəməxsus geyimi və ovqatı olurdu. Axır vaxtlar isə yas mərasimlərində xanımların dəbdəbəli iştirakından əlavə, məclisə son dərəcə təmtəraqlı geyinib gəlmələri və məclislərdə stolların üzərində hər cür naz-nemətin olması bir növ sanki “toyları” xatırladır. Qadınlar belə yerlərə gedən zaman kosmetikadan və müxtəlif zinət əşyalarından istifadə edirlər ki, bu da bir çox insanlara, xüsusilə də mərasim sahibinə çox pis təsir edir. Molla deyir ki, bu kimi şeylər çoxlarında ikrah hissi oyadır.
"Qadın məclislərində əsasən 3 şeyi tövsiyə edirəm. İlk növbədə qadınlar məclisə gələndə geyimlərinə fikir verməlidirlər. Xüsusilə də yay aylarında istini bəhanə edib yas yerlərinə açıq-saçıq geyimdə gəlirlər. Bu məqbul sayılmır. İkinci növbədə pak gəlməlidirlər. Əgər pak deyillərsə, o zaman 40 gün ərzində gələ bilərlər. Pak gəlməmək günahdır. Üçüncüsü isə Quran oxunan zaman qadınlar mütləq başlarını örpəklə bağlamalıdırlar. Quran oxunan zaman qadının saçı görünməməlidir".
Ölünün dəfn olunduğu gün qadınların kişilərlə bərabər qəbiristanlığa getməsinin qadağan olunması da artıq unudulan adətlər sırasındadır. Qızxanım Axundova hesab edir ki, əgər sadalanan bu tip adətlər rayon məclislərində gözlənilirsə, şəhərdə təşkil olunan yas mərasimlərində artıq tamamilə unudulmaq üzrədir.