Qadın boksçumuz Avropa çempionatının finalında!

Azərbaycanın boks üzrə milli komandasının qadın üzvü Avropa çempionatında finala vəsiqə qazanıb. Boks üzrə qadınlar arasında keçiriləcək çempionat Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq. Azərbaycan Boks Federasiyasından APA TV-yə verilən məlumata görə,  69 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova həlledici görüşdə iştirak etmək hüququ qazanıb. Boksçumuz yarımfinalda rumıniyalı Mixaela Kristiana üzərində 3:0 hesablı qələbə qazanıb. Milli komandanın üzvü qızıl medal uğrunda qarşılaşmada İngiltərə boksçusu Stasi Kopelandla üz-üzə gələcək. Boksçumuzun finalda rəqibi olacaq Kopeland yarımfinalda irlandiyalı Klare Graceni məğlub edib.

 

75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə yarımfinalda Almaniya təmsilçisi ilə mübarizədən məğlub ayrılaraq, Avropa çempionatının bürünc mükafatına layiq görülüb.

Müəllif | Apa.Tv