Donetsk separatçılarının liderinin köməkçisi öldürülüb

Donetsk şəhərinin mərkəzində naməlum şəxslər qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) liderlərindən biri olan Denis Puşilinin avtomobilini atəşə tutublar. Nəticədə onun köməkçisi Maksim Petruxin ölüb. APA TV-nin məlumatına görə, hücum baş verən an Puşilin özü avtomobildə olmayıb.  Öldürülən Maksim Petruxin “DXR Ali Radası”nın deputatı olub.  Məlumata görə, hücum “Milenium” restoranının qarşısında törədilib. Faktla bağlı araşdırma aparılır.  Şahidlərin sözlərinə görə, avtomobildə olan naməlum şəxslər avtomat silahlardan atəş açdıqdan sonra dərhal hadisə yerini tərk ediblər. Denis Puşilinin sözlərinə görə, qətl siyasi zəmində törədilib. “Bu qətl siyasi xarakterlidir. Mən özüm də daim bu avtomobildə hərəkət etmişəm. Hücum baş verən zaman avtomobildə 2 nəfər olub, onlardan biri mənim humanitar məsələlər üzrə köməkçim Maksim Petruxindir” deyə Puşilin bildirib.

Müəllif | Apa.Tv