Orta məktəblərdə buraxılış imtahanları keçirilir
Azərbaycanda orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları başlayıb. İlk imtahan iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda, həmin şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin təhsil alan şagirdləri üçün keçirilir. Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri də imtahan verirlər. Bu imtahanlarda ümumilikdə 70706 şagird iştirak edir. Saat 10-da IX sinif şagirdləri üçün ilk imtahan baş tutub. İmtahan rəhbəri Niyazi Əliyev hər imtahanın qaydasında keçdiyini bildirib.
"İmtahan çox yaxşı keçir. Biz heç gözləməzdik ki, bu 9-cu siniflər özlərini belə ciddi səliqəli apararlar. Xoşumuza gəldi. Deyirlər indi məktəblərdə bir az vəziyyət çətindir. Amma belə çox yaxşı idi. Heç bir qayda pozuntusu olmadı. Bir nəfər gəlmədi".
İmtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. Şagirdlər də imtahandan razı qaldıqlarını bildiriblər. Onlar sualların o qədər də çətin olmadığını, əksər suallara cavab verdiklərini deyiblər. Şagirdlərin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları başa çatdıqdan sonra 10 günədək müddətdə elan ediləcək. XI sinif şagirdləri üçün imtahan isə saat 15-də başalayacaq.