Çimərlik mövsümü açıldı: Qaydalar sərtləşdirilir!
Azərbaycanda bu il üçün çimərlik mövsümünə start verilib. Fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev və nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən xidmət rəisi Eldar Quliyev bildirib ki, qurum vətəndaşların həyatının qorunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqları 42 struktur bölmələrin vasitəsilə həyata keçirir. Onun sözlərinə görə, 8 il ərzində FHN tərəfindən insan həyatının sularda təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsi üçün xidmət yeni texnika və avadanlıqlarla təchiz edilib, xilasetmənin keyfiyyətli həyata keçirilməsi üçün ixtisaslı kadrlar hazırlanıb. Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov qeyd edib ki, 2005-ci ildən 2014-cü ilin müvafiq dövrünə qədər çimərlik və qeyri-çimərlik ərazilərində 3349 nəfər xilas edilib. Onun sözlərinə görə, ötən il ölkənin qeyri-çimərlik sahələrində 55 nəfər ölüb, 265 nəfərin həyatı isə xilas edilib.
"2014-ci il ərzində 13 nəfər boğulub. Bu hadisələr müxtəlif texniki səbəblərdən, balıq ovalayarkən və sair baş verib. Həmin şəxslər hüquq mühafizə orqanlarına təhvil verilib".
Elsəvər Həsənov bildirib ki, çimərliklərdən istifadə ilə bağlı yeni qaydalar hazırlanır.
"Gələcəkdə çimərliklərin pasportlaşdırılması, çimərliklərin istismar qaydalarının hazırlanması, nəzərdə tutulub. Xİlasedicilərə tabe olmayan, üzmə sərhədlərini keçənlərin cərimələnməsi, təhlükəli hava şəraitində suya daxil olanlarla bağlı tədbirlər görüləcək".
Xidmətin təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev bildirib ki, son illər yerli icra orqanları ilə aparılan işlər nəticəsində artıq qeyri-çimərliklərdə də nəzarət gücləndirilib.
"Dövlət Sularda Xilasetmə Xidmətinin şəxsi heyəti mayın 23-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Ancaq havaların küləkli olması ilə bağlı olaraq çimərlik mövsümünün açılışı bu gün həyata keçirilir. Bu ildən başlayaraq qadağan olmuş çimərliklərdə nəzarət daha da gücləndiriləcək".
DSXX-nin istifadəsində olan müasir xilasetmə avadanlıqları nümayiş etdirilib, qurumun əməkdaşlarının xilasetmə əməliyyatları və təlimləri izlənilib. Xidmət 400-dən artıq şəxsi heyəti və 200-ə yaxın xilasetmə texnika və avadanlıqları ilə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.