"Cənub axını"nın tikintisi dayandırıldı

Bolqarıstanın baş naziri Plamen Oreşarski Avropa Komissiyası ilə məsləhətləşmələr məqsədilə "Cənub axını" qaz kəməri çərçivəsində işlərin dayandırılmasına göstəriş verib.

 

"Cənub axını" Rusiya qazının Ukraynadan yan keçməklə Cənubi və Mərkəzi Avropaya nəqli üçün inşa edilir. Avropa Komissiyası isə hesab edir ki, Rusiyanın Avropanın tranzit ölkələri - Avstriya, Bolqarıstan, Macarıstan və Sloveniya ilə ikitərəfli müqavilələri Avropa Birliyi qanunvericiliyini pozur. Rəsmi Moskva isə Ümumdünya Ticarət Təşkilatına müraciət edərək, Avropa Birliyində üçüncü enerji paketinin tətbiqi ilə əlaqədar iddia qaldırıb. Bu paketə əsasən, qaz hasilatı ilə məşğul olan ölkələr regionda yerləşən magistral kəmərlərinin mülkiyyətçisi ola bilməzlər.

 

İyunun əvvəllərində Avropa Komissiyası "Cənub axını" qaz kəməri üçüncü enerji paketinin normalarına cavab verənədək onun tikintisinin dayandırılmasını təklif edib.

 

Bolqarıstanın baş naziri Plamen Oreşarski də son göstərişini bununla əlaqələndirib: "Avropa Komissiyasından sorğu var və biz bununla əlaqədar işləri dayandırırıq. Brüsseldə məsləhətləşmələrə uyğun olaraq, qərar qəbul ediləcək

 

Bolqarıstanın baş naziri bu bəyanatı aralarında respublikaçı Con Makkeynin də olduğu amerikalı senatorlardan ibarət nümayəndə heyəti ilə görüşdən sonra verib.

 

Müəllif | Apa.Tv