Misirin marşal rütbəli ilk prezidenti işə başladı

Misirin yeni prezidenti Əbdül Fəttah əs-Sisi prezident səlahiyyətlərinin icrasına başlayıb. Konstitusiya Məhkəməsində keçirilən inauqurasiya mərasimindən sonra Əbdül Fəttah əs-Sisi prezident səlahiyyətlərini Konstitusiya Məhkəməsinin sədri və müvəqqəti prezidenti Ədli Mənsurdan təhvil alıb.

 

Yeni prezident aralarında İordaniya kralı Abdullah, Fələstin lideri Mahmud Abbas və Səudiyyə Ərəbistanının şahzadəsi Salman bin Əbdüləzizin də olduğu xarici qonaqları qəbul edib.

 

Əbdül Fəttah əs-Sisi bəyan edib ki, Misirdə terrorla mübarizə davam edəcək. O deyib ki, Misir xalqı iki inqilabın meyvəsini əldə edərkən böyük sıxıntılar yaşayıb.

 

Hərbi çevriliş nəticəsində hakimiyyətə gələn və ötən ayın sonunda keçirilən seçkilərdə prezident seçilən Əbdül Fəttah əs-Sisinin andiçmə mərasimində Bəhreyn, İordaniya, Küveyt, Somali və Səudiyyə Ərəbistanın liderləri, Əmman, İraq, Sudan, Cənubi Sudan, Livan, Əlcəzair, Liviya və başqa ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.

 

Əbdül Fəttah əs-Sisi ötən il iyulun 3-də Misirdəki hərbi çevrilişin "memar"ı hesab olunur. Ölkə prezidenti kürsüsündə ilk marşal olan əs-Sisi bundan əvvəl Misirin müdafiə naziri olub və martda prezidentliyə namizədliyini irəli sürməsi ilə əlaqədar nazir vəzifəsindən istefa verib.

 

Seçkinin rəsmi nəticələrinə görə, əs-Sisi səslərin 96,91 faizini qazanıb.

 

Müəllif | Apa.Tv