Azərbaycan-İran sərhədində atışma
Azərbaycan-İran sərhədində insident olub. Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, iyunun 4-də Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Həmin tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İranda mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycana keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə cəhd edən İran vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseyni Hüseyn Mircəlil oğlu saxlanılıb. Sərhəd pozucusunun üzərindən “Maqnum-200” markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb. İran vətəndaşı təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyat-istintaq tədbirləri davam etdirilir.