Narkotikə görə saxlanan şəxs: "40 ildir, çəkirəm"
Masallı rayon sakininin həyətyanı sahəsindən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilib. Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Aslan Rzayevin APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, Masallının Ərkivan qəsəbə sakini, 51 yaşlı Lazım Hüseynovun narkotik vasitələri qeyri-qanuni əkib-becərməsi ilə bağlı şöbəyə məlumat daxil olub.
Lazım Hüseynovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman ev sahibinin bostan və tərəvəz bitkiləri arasında dibçəklərdə və torpaqda qanunsuz olaraq əkib-becərdiyi və aqrotexniki qaydada qulluq göstərdiyi narkotik xassəli 37 çətənə kolu aşkarlanıb.
Həmin kollar maddi sübut kimi götürülüb, Lazım Hüseynov isə saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edərək, çətənəni şəxsi istifadəsindən ötrü əkdiyini bildirib: "Çəkirəm, satan deyiləm. Bir ağac çatmır. Bir qutu siqaret sənə bir günə çatar? Hər gün çəkirəm. 40 ildir, mən bunu çəkirəm. Peşmanam, əlbəttə, biabırçılıqdır. Sadəcə xəstəsiyəm, çəkirəm".
Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.