Arif Rəhimzadə: "Qanunsuz tikililər məsələsi həll olunacaq"

"Qanun qəbul ediləcək, mənzilin 30 kvadratmetrindən vergi tutulmayacaq, qalan sahədə hər 1 kvadratmetrə görə vergi alınacaq".

 

Bunu APA-ya Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. Onun sözlərinə görə, yeni qanunda daşınmaz əmlakın balans dəyəri yox, sahəsinə görə vergi əsas götürüləcək. Eyni zamanda qanunda daşınmaz əmlakın yerləşdiyi yerdən fərqli olaraq, hər 1 kvadratmetrə görə verginin miqdarı dəyişəcək.

 

Belə ki, paytaxtda regionlardan fərqli vergi olacaq. Bundan başqa, Bakının mərkəzində vergi dərəcəsi yüksək, ətrafında aşağı olacaq. Sumqayıtda hər kvadratmetrə görə başqa qiymətlər olacaq. Gəncədə, kənd yerlərində də tamam fərqli qiymətlər tətbiq ediləcək.

 

Qanunsuz tikililərdən daşınmaz əmlakla bağlı verginin yığılmasına gəlincə, Arif Rəhimzadə deyib ki, ya o qanunsuz tikililər qanuniləşdiriləcək, ya da ləğv olunacaq. Üçüncü yol varsa, o yolla məsələ həllini tapmalıdır.

Hazırda qanunsuz evlərin sənədləşdirilməsi istiqamətdə işlərin aparıldığını deyən komitə sədri qeyd edib ki, hazırda böyük çətinliklər mövcuddur. Çünki cəmiyyətdə də qanuna riayət etməyən insanlar həddindən artıq çoxdur. "Elə başa düşürəm ki, qanunsuz tiklilər məsələsi həllini tapacaq. Bununla bağlı hazırda iş aparılır" - deyə o əlavə edib. 

Müəllif | Apa.Tv