Vüsalə Mahirqızı: "Bu gün insanların kütləvi olaraq toplaşdığı yer sosial mediadır"

"Bu gün insanların kütləvi olaraq toplaşdığı yer sosial mediadır".

 

APA TV-nin xəbərinə görə, bunu "APA Holding”in prezidenti Vüsalə Mahirqızı “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. “Sosial mediada təhsil mövzusu” adlı məruzəsə ilə çıxış edən Vüsalə Mahirqızı deyib ki, təhsil mövzusunun müzakirəsi üçün sosial medianın əhəmiyyəti olduqca vacibdir: "İnternet yayımı kifayət qədər sərfəli, optimal, sərhədləri keçmiş bir vasitə olduğuna görə inkişaf edir. İnternetin inkişafı nəticəsində sosial şəbəkələr yaranıb. Bütün hallarda sosial şəbəkələr ümumi ictimai rəyin öyrənilməsi, insanların nə istəyini bilmək üçün monitorinq vasitəsidir. Sosial şəbəkəni təhlil edəriksə, ictimai, sosial, mədəni və digər məsələlər, problemlər burada öz əksini tapır. Sosial şəbəkədə olmaq media ilə yanaşı, dövlət qurumları üçün də lazımdır. Onlar hansısa məlumatı sosial şəbəkədə verməklə məlumatlarının daha tez və düzgün ötürüləcəyinə əmin olurlar. Bu da daha çox universitet və nazirliklər üçün lazım olan tərəfdir".

 

Vüsalə Mahirqızı qeyd edib ki, Təhsil Nazirliyinin “Facebook” sosial şəbəkəsində xüsusi bir iş prinsipi olmalıdır. Burada daha çox 15-35 yaşına qədər olan insanlardır. Onların əksəriyyəti isə tələbələrdir. Təhsil Nazirliyi sosial şəbəkə vasitəsilə böyük bir tələbə hərəkatını idarə edə bilər: "İctimai rəyin öyrənilməsi üçün ən yaxşı yerlərdən biri “Facebook”dur.  İstənilən kiçik bir hadisənin böyük reaksiyası ola bilir. Heç bir mətbuat orqanının görə bilmədiyi işi sosial şəbəkədə verməklə ictimai aktiv kütlə halını ala bilər. Təklif edərdim ki, Təhsil Nazirliyi sosial şəbəkələr üzərindən müəyyən layihələr həyata keçirsin".

 

Vüsalə Mahirqızı Təhsil Nazirliyinin uşaq kontingentinin formalaşmasında da mühüm rol oynadığını deyib. Onun fikrincə, bu gün Azərbaycanda uşaq ideyası qıtlığı var: "Bizim milli simvolumuz yoxdur. Mediada milliləşmiş uşaq simvolumuz yoxdur. Hazırda uşaqlar xarici qəhrəmanları - Pepe, Maşa və digərlərinə daha çox baxırlar. Uşaqların əvvəldən hansı təfəkkürdə böyüməsi və yetişdirilməsi üçün bu işlərin qurulması vacibdir".

 

Rəsmi qurumlar bəzi məlumatların mətbuatda işıqlandırılmasını istəmədiyini söyləyən holdinq prezidentinin sözlərinə görə, mətbuat isə gizli olanları, məlumatları üzə çıxarmaq istəyir.

 

Tədbirin davamında mövzu ətrafında fikir mübadiləsi aparılıb. Lent.az İnformasiya Agentliyinin baş dirktoru Qabil Abbasoğlu bildirib ki, dövlət orqanları informasiyanın cəmiyyətə çatdırılması və tirajlanması üçün hesabat verməlidir və bu hesabatı çatdıran ən böyük inistut da mediadır: "Mediaya münasibətdə dövlət orqanlarının belə həssaslıqla yanaşmasının pisixologiyası anlaşılsa da, bir məsələ hamımız üçün aydın olmalıdır. Medianın vasitəsi ilə dövlət orqanları cəmiyyət qarşısında bir növ vaxtaşırı olaraq, hesabat verir. Heç kəs mediadan bərabərhüquqlu, bərabərtərəfli və bərabərməsuliyyətli əməkdaşlıq istəməsin".

 

Konfransda “Multimedia” İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz  və təhsil eksperti Asif Cahangirov məruzə ilə çıxış ediblər.  

 

Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfransın ikinci paneli keçirilib. Tədbirin informasiya dəstəyi “APA  Holding”, “Azad Azərbaycan” televiziyası və “Azərbaycan müəllimi” qəzetinə aiddir.

Müəllif | Apa.Tv
Almaz Qasımova