Avtomobili hasar çırpan sürücü çətinliklə içəridən xilas edildi

Lənkəranda dəhşətli yol qəzası baş verib. Hadisə rayonunun Siyavar kəndi ərazisində qeydə alınıb. Neftçala rayon sakini 32 yaşlı Mirmehdi Ağayev Lənkəran-Astara istiqamətindəki yolda hərəkətdə olarkən idarəetməni itirib. APA TV-nin cənub bürosunun məlumatına görə, avtomobil əvvəlcə yol kənarındakı qaz borusuna, sonra da həyətyanı sahələrdən birinin hasarına çırpılıb. Qəza nəticəsində hasarın bir hissəsi dağılıb, nəqliyyat vasitəsi isə deformasiyaya uğrayıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, avtomaşının içində qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıblar. Əməliyyat 1 saat davam edib.

 

Xilasedicilər yaralını hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Kənd sakinləri mütəmadi olaraq bu yolda xoşagəlməz hadisələrin baş verdiyini və bunun üçün də tədbirlər görülməsini bildirirlər. İlkin versiyada qəzaya səbəb kimi sürücünün yaşayış massivində nəqliyyat vasitəsini həddindən artıq yüksək sürətlə idarə etdiyi göstərilir. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalara başlanılıb. Dəqiq səbəblər isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv