Bakıda dəmir yolunun keçdiyi ərazidə yanğın baş verdi
Bakının Xətai rayonunda, Babək prospektindən keçən dəmir yolu xəttinin yaxınlığında yanğın olub. Yanğın ağaclıq ərazidə 30 kvadrat metr sahəni əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını cəlb olunub. Dəmir yolu xəttinin yüksək gərginlikli elektrik naqilləri yanğından mühafizə olunub. APA TV-nin çəkiliş qrupunun hadisə yerində olduğu müddətdə bir qədər aralıdakı ağaclıqda da tüstülənmə müşahidə olunub. Dərhal müdaxilə olunaraq yanğının baş verməsinin qarşısı alınıb. Xidmət əməkdaşları bildiriblər ki, ərazidəki ağaclar elektrik naqillərinə yaxın olduğundan isti hava şəraitində bu cür yanğınların tez-tez baş verəcəyi istisna edilmir.