500 min manat investisiya qoyan əcnəbi Azərbaycanda 3 ilə yaşaya bilər
Xəzər Avropa Klubu üzvlərinin Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə görüşü keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən klubun sədri Telman Əliyev bildirib ki, klub üzvlərinin dövlət məmurları ilə mütəmadi görüşləri olur. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev isə bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı xarici miqrantların ölkəyə axınına şərait yaradır. Onun sözlərinə görə, azərbaycanlı mütəxəssislərin olmadığı sahələrdə yalnız xarici vətəndaşların işləməsinə icazə verilir.
Miqrasiya xidmətinin əməkçi miqrantların 2015-ci ilin kvotasını müəyyənləşdirmək üçün şirkətlərə və klublara müraciət edəcəyini deyən xidmət rəisi əlavə edib ki, Azərbaycan ərazisinə 500 min manatdan artıq investisiya qoyan şəxslərə 3 ilədək ölkədə yaşamaq icazəsi veriləcək. Firudin Nəbiyev qeyd edib ki, qeyri-qanuni əməkçi miqrant işlədən şirkətlərlə yanaşı, onları gətirən şəxslərə qarşı da cinayət məsuliyyəti tətbiq olunacaq: "Xarici vətəndaşların respublika ərazisinə girdikdə üç gün ərzində qeydiyyata düşməlidir. "Stop" deyilən bir anlayış var. Yəni o dövləti tərk edəndə bizə müraciət edir. Biz də öz növbəmizdə ona sual veririk ki, bu müddətdə harada olub. Əgər o, yazsa ki, hansısa şirkətdə işləmiyib, biz o şirkəti cərimə edəcəyik ”.
Sonda Firudin Nəbiyevə klubun sertifikatı təqdim olunub.