Tiflis şəhər məhkəməsi azərbaycanlı namizədin hüquqlarını bərpa edib
Tiflis şəhər məhkəməsi Marneuli bələdiyyə sədrliyinə namizədliyini irəli sürən azərbaycanlı Əhməd İmanquliyevin tələbini qanuni hesab edib. Əhməd İmanquliyev Marneuli bələdiyyə sədrliyinə müxalifətdə olan "Vahid Milli Hərəkat" partiyasından namizəd göstərilib. Soydaşımızın Vesti.az-a verdiyi məlumata görə, məhkəmə Mərkəzi Seçki Komissiyasını və Marneuli Dairə Seçki Komissiyasının qərarlarını ləğv edib. Adı çəkilən komissiyalar yaşadığı ünvan barədə düzgün məlumat vermədiyini əsas gətirərək İmanquliyevin namizədliyini qeydə almaqdan imtina etmişdilər. Xatırladaq ki, Gürcüstan qanunvericiliyinə görə, bələdiyyə sədrliyinə namizədliyini irəli sürən şəxs ötən ən azı son iki il ərzində ölkədə yaşamalıdır. Əhməd İmanquliyev bildirib ki, o və namizədi olduğu "Vahid Milli Hərəkat" partiyası Gürcüstan MSK-nın qərarına etiraz olaraq məhkəməyə müraciət ediblər. "Məhkəmə ədaləti bərpa etdi və mənim namizədliyimin qanuni olduğu barədə qərar çıxardı. Mən bu seçkilərdə qələbə qazanacağıma tam əminəm" - deyə Əhməd İmanquliyev bildirib.