5 ayda 996 qəza, 404 ölü, 1003 yaralı - RƏSMİ STATİSTİKA

"Azərbaycanda 2014-cü ilin ilk 5 ayında respublikanın avtomobil yollarında  996 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 404 nəfər həlak olub, 1003 nəfər yaralanıb".

 

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA TV-yə deyib ki, ötən ilin 5 ay ərizdə qəzaların sayı 152 fakt, qəzalarda ölənlərin sayı 39, yaralalanların sayı isə 249 nəfər azalıb: "Ən çox qəza piyadaların vurlması ilə bağlıdır. Bu da umumi qəzaların 37, 8 faizini təşkil edir. 377 piyada vurma hadisəsində 127 piyada həlak olub, 278 nəfər isə yaralanıb".

 

BDYPİ sürücü mədəniyyətinin yüksəldilməsi, nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsi qaydalarına əməl olunması, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə iyunun 15-dən iyulun 15-dək ölkə ərazisində “Sürücülər, intizamlı olaq!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək: "Təhlükəsizlik aylığı paytaxt Bakıda müşahidə olunan sıxlığın və tıxacların qarşısının alınmasını da əhatə edəcək. Bu tədbirlərin keçirilməsinə zərurət yaranıb. Bunlardan biri də normal hərəkət zamanı, eləcə də 5.1 (avtomagistral) və 5.3 (avtomobillər üçün yol) nişanları ilə işarələnmiş yolların hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edilməsinin qarşısının alınmasıdır".

 

Kamran Əliyevin fikrincə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisə, ölüm və yaralanma faktlarının azalması görülən kompleks işlərin nəticəsidir.

 

Sevinc Vaqifqızı, Azər Nağıyev 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı