İraqda bütöv bir əyalət terrorçuların əlinə keçdi

"İraq Şam İslam Dövləti" qruplaşmasının silahlıları İraqın şimalında Naynava əyalətini ələ keçiriblər. Bunu İraq parlamentinin spikeri Üsəma ən-Nəcəfi bəyan edib. Onun sözlərinə görə, əyalət artıq silahlıların nəzarətindədir.

 

Qruplaşma üzvləri bundan əvvəl İraqın əhalinin sayına görə ikinci şəhəri olan Mosulu ələ keçirmişdilər. İraq ordusu inzibati mərkəzi Mosul olan Naynava əyaləti uğrunda döyüşlərdə məğlub olub.

 

"İraq Şam İslam Dövləti" qruplaşmasının üzvləri 28 Türkiyə vətəndaşını da girov götürüblər. Onlar İsgəndərun limanından Mosuldakı Geyara istilik stansiyasına mazut daşıyırlarmış.

 

Türkiyəli sürücülərin girov götürülməsinə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu münasibət bildirib: "Halal qazanc üçün çalışan sürücülər bu döyüşlərdə tərəf deyillər. Onları əllərində saxlayanlara və İraqdakı bütün tərəflərə səslənirəm. Heç bir siyasi tərəfi olmayaq və yalnız İraqın rifahı üçün mazut daşıyan sürücülərə qarşı hər hansı qeyri-insani təftar İraq xalqına xəyanətdir".

 

Əhməd Davudoğlu bildirib ki, rəsmi Ankara türkyili sürücülərin azad edilməsi üçün diplomatik səyləri davam etdirir.

 

Qeyd edək ki, döyüşlər və şəhərin silahlıların əlinə keçməsi ilə əlaqədar minlərlə mosullu evlərini tərk edərək, İraqın başqa şəhərlərinə qaçır.

 

Müəllif | Apa.Tv