Rusiyanın qaz borcunun ödənilməsi üçün Ukraynaya verdiyi vaxt bitdi

Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb. Lakin Ukraynanın "Naftoqaz" şirkəti pul ödəməyib. Bu isə o deməkdir ki, Rusiya Ukraynaya qaz nəqlini bu gündən dayandıra bilər.

 

Qaz böhranı ilə bağlı Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli görüşü isə baş tutmayıb və bu günə keçirilib. Rusiya tərəfi Brüsseldəki görüşə gəlmədiyindən, danışıqların bu gün yerli vaxtla saat 09.30-da aparılması qərara alınıb.

 

Energetika üzrə Avropa komissarının mətbuat katibi Sabine Berger bildirib ki, Avropa Komissiyası üçtərəfli məsləhətləşmələr davam edə-edə Ukraynaya qaz nəqlinin dayandırıla biləcəyini gözləmir.

 

Qeyd edək ki, iki ölkə arasında əldə olunan razılaşmaya görə, Ukrayna noyabr-dekabr ayları üçün 1,45 milyard dollarlıq qaz pulu borcunu tam, aprel-may ayları üzrə borcun isə 500 milyon dollarını ödəməliydi.

 

Avropa komissarı Günter Ettinger bildirib ki, Rusiya və Ukrayna arasında qaz qiymətlərinə dair razılığın əldə olunması üçün bir neçə gün lazımdır.

 

Müəllif | Apa.Tv