Cəmil Çiçək: "Türkiyə üçün ortaq dil və əlifbanın həyata keçirilməsi önəmlidir"
"Türk dövlətləri arasında siyasi, iqtisadi və sosial sahədə geniş əməkdaşlığa ehtiyac var".
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycana səfəri ərəfəsində APA-ya müsahibədə deyib. Onun sözlərinə görə, türk dövlətlərinin prezidentləri və məclis başqanları, bu birliyin davam etdirilməsi üçün güclü iradəyə sahibdirlər. Bunu hər il sistematik şəkildə keçirilən toplantılar da göstərirlər: "Əldə edilən razılaşmalar barədə sənədlər imzalanıbsa, bunların sürətlə parlamentlərdən keçirilib qüvvəyə minməsi gərəklidir. Türkiyə bu məsələlərdə öz üzərinə düşən hər şeyi edir. Eyni zamanda, türk ölkələrindəki iqtisadi inkişaf baxımından Türkiyə ciddi cəhdini əsirgəmir".
TürkPA-nın əhəmiyyətindən danışan Cəmil Çiçək deyib ki, bütün cəhdlərə baxmayaraq, Özbəkistan və Türkmənistan bu quruma qatılmayıb: "Bu, bizim üçün böyük üzüntü mənbəyidir. Özbəkistan və Türkmənistanın bu günə qədər TürkPA-ya qatılmaması TürkPA üçün də ciddi bir çatışmazlıqdır, bizim üçün də nöqsandır. Çünki TürkPA-nın qurulma səbəbi türk dövlətləri və türk xalqları arasında həmrəyliyi və məsləhətləşmələri ön plana çıxarmaq, müştərək problemlərin həlli yollarını birlikdə axtarmaqdır".
Cəmil Çiçək deyib ki, Türkiyə üçün ən önəmli məsələlərdən biri ortaq dil və əlifbanın həyata keçirilməsidir.