Gəncə qasırğadan sonra - ƏN SON GÖRÜNTÜLƏR
Gəncə şəhərində dünən axşam saatlarında baş verən qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır. APA TV-nin qərb bürosunun verdiyi xəbərə görə, şəhər Qaz İstismar Sahəsinin rəis müavini Vüqar Ələkbərov 13 yerdə qaz xətlərinin üzərinə ağac qırılıb düşdüyünü, təhlükəsizlik məqsədilə qazın verilməsinin dayandırıldığını deyib. Onun sözlərinə görə, axşam saatlarına qədər bərpa prosesi başa çatacaq və şəhərə təbii qazın verilməsi bərpa olunacaq.“Gəncə Regional Elektrik Şəbəkəsi” MMC-nin Paylayıcı Şəbəkələr Xidmətinin rəisi Hamlet Cəfərovun sözlərinə görə, Mingəçevir şəhərindən, ətraf rayonlardan Gəncədə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə əlavə qüvvə göndərilib. “Qırılan elektrik xətləri bərpa olunur, təmir işləri başa çatan kimi şəhərə enerji verilməsində yaranan fasilə aradan qaldırılacaq”. “Gəncə Su-Kanal Törəmə” Səhmdar Cəmiyyətindən isə bildirilib ki, artıq şəhərin su-kanalizasiya sistemində yaranan problemlər həll olunub. Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Elgün Məmmədov şəhərin bütün ərazilərində qasırğanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü, Yevlax, Bərdə, Tərtər rayonlarından əlavə texnika və işçi qüvvəsinin köməyə göndərildiyini açıqlayıb.