Namiq Həsənov: "Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin alınması..."
"Baku Bus" nəqliyyat şirkəti Nəqliyyat Nazirliyinin 32 daşıyıcısından biridir. Bunu APA TV-yə nazirliyin mətbuat katibi Namiq Həsənov deyib. Onun sözlərinə görə, mətbuatda Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin alınması ilə bağlı yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Avtobuslarda “Yolkart” kart ödəniş sisteminin tam istifadəsinə gəlincə...
"Ümumiyyətlə ilin sonuna qədər bütün məsələlərin hamısı gerçəkləşdiriləcək. Çünki, 100 minlərlə kart artıq dövriyyədədir. Bundan başqa 200 mində satışda olan kartı insanlar əldə edib. Sadəcə olaraq hər şey validatorların quraşdırılmasından asılıdır. Kart sistemi yekunlaşandan sonra avtomatik olaraq avtobus sürücüsü öz sahibkarı ilə maaş məsələsini müzakirə edəcək".
Bundan başqa yaxın vaxtlarda Bakıda daha 40 marşrutda kart sisteminin tətbiq olunması nəzərdə tutulub. O, qeyd edib ki, nazirlik “Yolkart”ları qəbul etməyən sürücü və sahibkarları cəzalandıracaq. Namiq Həsənov həmçinin bildirib ki, Bakı şəhərində avtomobillərin saxlanılması məsələlərinin yerli icra hakimiyyətlərinə verilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı müvafiq mexanizm hazırlanır. Eyni zamanda nəqliyyat müfəttişlərinin qanunsuz hərəkətlərinə qarşı müvafiq addımlar bundan sonrada atılacaq.
"Son on gün içərisində yük maşınları ilə bağlı müəyyən problem yaranmışdı. Bizim araşdırmamızdan sonra üç nəqliyyat müfəttişinin günahkar olduğu sübuta yetirildi və onlar vəzifələrindən azad olundular. Belə hala rast gəldikcə ən azından həmin şəxs işindən azad olunur ".
Nəqliyyat Nazirliyində İsveçrənin "Stadler Rail Group" şirkəti ilə vaqonların alınmasına dair müqavilə imzalanmasının nəzərdə tutulduğunu deyən Namiq Həsənov bildirib ki, müqavilə çərçivəsində əsasən Bakı-Tiflis-Qars dəmir yolu üçün 30 vaqonunun alınması planlaşdırılır. O, əlavə edib ki, gələn ilin əvvəlində ilk sərnişindaşıma qatarlarının yol düşməsi gözlənilir.