Müalicəsi olmayan xəstəlik: Şəkərli diabet cavanlaşır

“Bu ilə olan rəsmi məlumatlara əsasən, Azərbaycanda 197 min 547 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bu, ötən ilə nisbətən 14-15 min nəfər çoxdur. 2013-cü ilin yekunlarına əsasən, ölkə üzrə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 183 min nəfər təşkil edib. Qeydiyyatda olan şəkərli diabet xəstələri 18 yaş qrupuna qədər uşaq və yeniyetmələr, 19-30 yaş arasında olan gənclər, 31-40, 41-50 və 51 yaşdan yuxarı şəxslər arasında müşahidə olunur”. Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov APA TV-yə deyib ki, Ümumdünya Diabet Federasiyasının məlumatına əsasən, dünya üzrə 221 ölkə içərisində Azərbaycan bu xəstəliyin yayılmasına görə 127-ci yerdədir. Rauf Cabbarovun sözlərinə görə, bilavasitə bu xəstəlikdən ölüm faktı qeydə alınmayıb. Ölüm halları şəkərli diabetin fəsadları nəticəsində olur. Şəkərli diabet xəstələri arasında ölüm halları 2158 nəfər olub ki, bunların da 1148 nəfəri qadındır. Hazırda ölkədə hər bir qeydiyyata düşən diabet xəstəsi pulsuz şəkərsalıcı preparat və özünənəzarət vasitəsi ilə təmin olunur. Şəkər xəstəliyinin qarşısının necə almağın mümkün olmasına gəlincə, Rauf Cabbarov qeyd edib ki, şəkərli diabetin 2-ci tip xəstəliyi autoimmun xəstəliklərə aid edilir, səbəbi isə irsi faktordur.

 

“Əgər söhbət insulindən asılı olmayan şəkər xəstələrindən gedirsə, bunlar ikinci qrup adlanır. Burada irsi faktor üstünlük təşkil edir. Şəkərli diabetə yol açan digər əsas amil artıq çəki və piylənmədir ki, onda insulin artır. Eyni zamanda az hərəkətlilik və stress şəkərə gedən yolun başlanğıcıdır". 

 

Ümumiyyətlə, Azərbaycanda şəkərli diabetin 2-ci tip xəstəliyi cavanlaşır.  Ən çox yayılan endokrinoloji xəstəliklərə gəlincə Rauf Cabbarov bildirib ki,  hazırda ölkədə ən çox yayılan endokrinoloji xəstəliklər şəkərli diabet və qalxanvarı vəzin xəstəlikləridir. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına gətirib çıxarır.  O ki qaldı uşaqlar arasında şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayına...

"Respublika endokrinoloji mərkəzində Bakı üzrə  18 yaşadək qeydiyyatda olan uşaqların sayı 391 nəfərdir. Respublika üzrə bu rəqəm uşaqlar arasında 1000 nəfər təşkil edir".

 

Bu xəstəliyin daha çox hansı bölgədə yayılmasına gəlincə, Rauf Cabbarov qeyd edib ki, əhalisi çox olan bölgələrdə daha çox, az olan ərazilərdə isə daha az şəkərli diabet xəstəsi qeydiyyatdadır. Həkim vurğulayıb ki, bu xəstəlik bütün bölgələrdə yayılıb.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı