Türkiyədə polisi öldürən azərbaycanlı mafiya üzvü axtarışa verilib

Türkiyədə mafiya qruplarının atışması zamanı polisi öldürməkdə şübhəli bilinən azərbaycanlı barəsində axtarış elan edilib. Türkiyə DİN adı açıqlanmayan azərbaycanlının gizləndiyini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, iyunun 10-da Ədirnə şəhərində “qanuni oğrular”ın toplantısı zamanı mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq öldürülüb. “Rıjiy Albert” və “Zaur Naxçıvanskiy” ləqəbli avtoritetlər, Namiq, “Lyoxa İrkutskiy”, “Beso Rustavskiy” ləqəbli “qanuni oğrular” arasında atışma olub. Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün “Alber Rıjiy”I Türkiyəyə “sxodka”ya çağırıb. Albert Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək “Beso” və “Lyoxa”nı qiyabi olaraq titullarından məhrum edib. Bundan sonra “qanuni oğrular” Alberti dəfələrlə münasibətləri aydınlaşdırmağa dəvət ediblər. Opponentləri Albertin Türkiyədə olduğunu müəyyənləşdiriblər. Albert kömək üçün “Rövşən Lənkəranskiy”ə müraciət edib və Rövşən kömək göstərməyə razılıq verib.

 

Albert Ədirnəyə “Rövşən Lənkəranski”nin ad verdiyi Zaurla gedib. Ədirnədə onları “Beso”, “Lyoxa” və Namiq qarşılayıb. Orada Albertə artıq “qanuni oğru” olmadığı elan edilib və döyülüb. Nəticədə atışma olub, polis öldürülüb. Öldürülən polis Albertin mühafizəçisi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olub. “Albert Rıjiy”in hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı 14 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir. Tutulan Namiqin “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı olduğu bildirilir.

Müəllif | Apa.Tv