İŞİD terrorçularının hədəfi şiələrdir

Mosulu ələ keçirən İŞİD terrorçuları Bağdada doğru irəliləyir. APA TV-nin xəbərinə görə, bu barədə yerli mənbələr bildirib. "Milliyet"in xəbərinə görə, Bağdadın 200 kilometrliyində yerləşən Beyciyi tutan qruplaşma burada yerləşən neft emalına və Bağdada da enerji göndərən elektrik stansiyasına nəzarəti ələ keçirməyə çalışırlar.

İnsan Haqları İzləmə Təşkilatının məsul direktorlarından Peter Boukart İŞİD-in tutduğu yerlərdə İraq ordusuna aid əhəmiyyətli silah-sursatı da ələ keçirdiyini və buradan Suriyaya da göndərəcəyini bildirib.

Mosul ələ keçiriləndən sonra 500 min insan kürdlər yaşayan bölgələrə qaçmaq üçün yollara düşüb. Ərbilə qaçan Mosul valisi Esil Nuceyfi şəhəri qurtarmaq, nəzarəti ələ almaq imkanlarının olduğunu bildirib. Nuceyfi İraq ordusunun Mosuldan çəkilməsini əmrinin kimin tərəfindən verildiyindən xəbərsiz olduğunu qeyd edib.

Terrorçular əsasən, şiələrin olduğu yerləri, onların ziyarətgahlarını hədəfə götürüblər. İŞİD-in sözçüsü Ebu Muhammed El Adnaninin "Hədəf Bağdad və Kərbəla" sözləri mediada yayıldıqdan sonra İraqın ABŞ-dan İŞİD-ə qarşı hava hücumunu həyata keçirməyi istədiyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, İŞİD silahlıları 32 türkiyəli TIR sürücüsünü və Türkiyə Mosul konsulu Öztürk Yılmaz başda olmaqla 49 nəfər Türk vətəndaşını da girov götürüb. Artıq silahlılar Ninova, Anbar və Salahaddinin böyük hissələrinə nəzarət edir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı