“Bank Respublika”da 138 min manatlıq yeyinti aşkarlandı

Azərbaycanda daha bir bankda korrupsiya faktı aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, “Bank Respublika” ASC-nin Sabirabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verməsi barədə həmin qurumdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırmalar zamanı bir sıra qanunsuzluqlar ortaya çıxıb. Məlum olub ki, filialın vəzifəli şəxsləri 38 halda Saatlı rayon sakinləri ilə saxta arayışlar və digər sənədlər əsasında qanunsuz istehlak krediti müqavilələri rəsmiləşdiriblər. 137 min 700 manat məbləğində vəsaitin kredit kimi ödənilməsinə şərait yaratmalarında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

 

Cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməklə onların məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv