Bakıdan Naxçıvana uçan təyyarə burulğana düşüb, 8 nəfər xəsarət alıb

Bu gün Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan “Boeing-757” təyyarəsi hava limanına eniş edərkən hava burulğanına düşüb. Bu barədə “APA-Economics”ə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, təyyarədə 180 sərnişin olub, onlardan səkkizi hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilib. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb”.
 

Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib.
 

Müəllif | Apa.Tv
Apa.tv