Növbəti tədris ilində dərslərin nə vaxt bitəcəyi məlum deyil

Dərs ilinin bitmə tarixi hələ müəyyənləşdirilməyib. APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq, amma bitmə tarixi hələ dəqiq deyil: "Tədris ilinin müddətinin bitməsi ilə bağlı bır neçə variant var. Hələlik bu layihələr üzərində iş aparılır".

 

O qeyd edib ki, orta məktəb dərsliklərinin hazırlanmasında köklü dəyişiklərə ehtiyac duyulur. Nazirin sözlərinə görə, Bakıda fəaliyyət göstərən məktəblərin sınaq qiymətləndirməsi 30 minə yaxın müəllimi əhatə edir. Növbəti mərhələdə Müəllimlərin Sınaq Qiymətləndirilməsi bütün ölkədə tətbiq ediləcək. O, bir çox rayon və kənd məktəbində vakansiyaların sayının  çox olduğunu da vurğulayıb.

 

"Müəllimlərin and içməsinin gələcəkdə korrupsiya hallarının qarşısının alınmasına təsiri olacaqmı?" sualına nazir belə cavab verib: "Bu əlaqə ola da bilər, olmaya da bilər".

 

Nazir bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsi ümumi tələbatın 20 faizə qədərini ödəyə bilir: "Uşaq bağçaları tikilir, özəl uşaq bağçaları yaradılır. 2014-cü ilin yanvarından Vergi Məcəlləsində ciddi dəyişiklər edilib və bu sahədə yeni mexanizmlər tətbiq edilib ki, məktəbəqədər təhsil sahəsinin əhatə dairəsi mümkün qədər genişlənsin".

 

Təhsil naziri deyib ki, bu gün bir sıra məktəblərə olan tələbat oradakı yerlərin sayı ilə üst-üstə düşmür. Dövlətin bu problemin aradan qaldırılması üçün konkret addımlar atdığını deyən nazirin fikrincə, hər il ümumtəhsil sistemində yeni məktəblər tikilir.

 

Qeyd edəki ki, Təhsil Nazirliyində 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat konfransı keçirilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova