Gimnastlarımız səhnəyə "Sarı gəlin"lə çıxacaq

Gələn il "Bakı-2015" Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə yarış keçiriləcək. APA TV-nin xəbərinə görə, bunu Bakıda sabah başlayacaq bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

 

Onun sözlərinə görə, Təşkilat Komitəsi yarışa yüksək səviyyədə hazırlaşıb.  Artıq biletlərin hamısının satıldığını deyən Altay Həsənov komandamızın hazırlığını da yüksək qiymətləndirib. O bildirib ki, baş məşqçimiz Mariana Vasilyeva gözəl heyət formalaşdırıb və gözəl nailiyyətlərə ümidlər yüksəkdir.

 

Baş məşqçi Mariana Vasilyeva da yetirmələrinin uğurlu çıxış edəcəyini bildirib. Onun sözlərinə görə, Aliyə Qarayevanın gedişindən sonra artıq gənc nəsil formalaşıb və onlar böyük potensiallar vəd edirlər. Vasilyevanın sözlərinə görə, yarışda milli musiqimizdən də istifadə olunacaq və qrup hərəkətləri üzrə yığmamız “Sarı gəlin”in musiqisi ilə çıxış edəcəklər.

Qeyd edək ki, iyunun 13-dən 15-dək Milli Gimnastika Arenasında keçiriləcək yarışda 33 ölkədən 200-dən artıq idmançı 9 dəst medal uğrunda mübarizə aparacaq.

 

Müəllif | Apa.Tv