Azərbaycan MN: Naxçıvandakı “Smerç” raket sistemləri düşmənin istənilən hədəfini məhv edə bilər

"Ermənistanın müdafiə nazirinin Azərbaycanın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər onun dilindən dəfələrlə eşidilib və növbəti ritorikadan başqa bir şey deyil. Onun söylədikləri yalnız daxili auditoriyaya, erməni ictimaiyyətinə ünvanlanmış bir çıxış kimi qiymətləndirilməlidir".

 

Bunu APA-ya Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ötən gün Ermənistan parlamentindəki çıxışında səsləndirdiyi fikrilərə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı deyib.

 

V.Dərgahlı qeyd edib ki, Ohanyan Ermənistanda baş verən və hökm sürən bütün problemlərdə Azərbaycanı günahlandırır: "Ermənistan tərəfi həmişə olduğu kimi, müxtəlif provokasiyalar törədərək Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır. Məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, daim atəşkəs rejimini pozur. Düşmən təxribatının əsas hədəflərindən biri də Naxçıvan Muxtar Respublikasıdır. Ancaq onlar bilməlidir ki, Naxçıvanın təhlükəsizliyi dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Yalnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş “Smerç” raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir”.

 

Müəllif | Apa.Tv
Apa.tv