TÜRK PA-da sədrlik Azərbaycana keçdi
Bakıda Türkdilli ölkələrin Parlament Assambleyası Şurasının iclası başlayıb. APA TV-nin xəbərinə grə, iclasın gündəliyinə daimi komissiyaların sədr və sədr müavinlərinin seçilməsi Azərbaycanda keçirilən prezident seçkilərinə dair TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı və TÜRKPA-nın 2015-ci il üçün büdcəsinin qəbulu daxil edilib. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri iştirak edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ölkəsinin sədrliyi dövründə assambleyanın fəaliyyətindən danışıb. Mosulda türk diplomatlarının girov götürülməsini pisləyən Cəmil Çiçək deyib ki, girovlar qısa zamanda azad edilməzsə, Türkiyə ciddi addımlar atacaq.
TBMM-nin sədri İraqda baş verən hadisələrlə əlaqədar dünya birliyini terrora qarşı birlikdə mübarizə çağırıb. Cəmil Çiçək sıra ardıcıllığına uyğun olaraq sədrliyin Azərbaycana keçdiyini elan edib. Sədrliyi qəbul edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə bildirib ki, TÜRK PA ölkələri arasında münasibətlər yüksək səviyyədədir. Onun sözlərinə görə, assambleya artıq beynəlxalq çəkili təşkilata çevrilib. Türkiyənin Mosuldakı diplomatik missiyasına qarşı olan hücumları qətiyyətlə pisləyən Oqtay Əsədovun fikrincə, hadisə ilə bağlı türkdilli ölkələr, o cümlədən TürkPA tərəfindən bəyanat hazırlanmalıdır.
Sessiyada iştirak edəcək nümayəndə heyətləri Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.