Dünya çempionatının ilk oyunu: birinci avtoqol, şübhəli penalti...

Futbol üzrə dünya çempionatının ilk oyununda meydan sahibi Braziliya millisi Xorvatiya yığmasına qalib gəlib. San-Pauluda keçirilən ilk qarşılaşma braziliyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Dünya çempionatının ilk qolunu Braziliya millisinin futbolçusu Marselo vurub. Amma öz qapısına. Oyunun 11-ci dəqiqəsində İviça Oliçin ötürməsindən sonra topa toxunan Marselo onu öz komandasının qapısından keçirib. Bu, həm də Braziliya millisinin dünya çempionatlarındakı ilk avtoqolu oldu.

 

Bunun ardınca Neymar dubla imza atıb. O, əvvəlcə 29-cu dəqiqədə fərqlənib. 71-ci dəqiqədə isə yaponiyalı hakim Yuiti Nisimura Xorvatiya millisinin qapısına şübhəli penalti təyin edib. Xorvat futbolçuların etirazları heç bir fayda verməyib. Neymar yaranmış imkandan uğurla istifadə edib.

 

Qarşılaşmada son nöqtəni Braziliya millisinin futbolçusu Oskar qoyub. O, oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə komandasının 3-cü qolunu vurub.

 

Müəllif | Apa.Tv