Təbii fəlakət Goranboyu da vurdu

Goranboy rayonuna güclü leysan yağıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, gecə saatlarından başlayan aramsız yağış rayonun 45 kəndində fəsadlar yaradıb. Təbii fəlakət kəndlərdə təsərrüfatlara xeyli ziyan vurmaqla yanaşı, elektrik və qaz xətlərini  sıradan çıxarıb. Leysan xarakterli yağış nəticəsində yolları, evləri su basıb, çaylarda daşqın qeydə alınıb. Əkin sahələri ilə yanaşı,   taxıl zəmilərinə də zərər dəyib.

 

Rayonun Kürəkçay qəsəbəsinin sakinləri də leysandan xeyli ziyan çəkib. Qəsəbə sakinlərin həyətyanı sahəsində olan ev quşları tələf olub. Sakinlər son 30 ildə belə bir hadisənin olmadığını deyir.

 

Goranboy rayon Fövqəladə Hallar Komissiyasının sədri Baxış Abdullayev bildirib ki, qasırğa və leysanın fəsadlarının aradan qaldırılması işlərinə  başlanıb. Hazırda kəndlərdə ağır texnikalar işləyir. Komissiyanın üzvləri hazırda kəndlərdə  baxış keçirir və dəymiş ziyanın miqdarı müəyyənləşdirir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli