Evini yardığı qonşusuyla birlikdə polisə getdi, tutuldu

 

Sabirabadda oğurluqla məşğul olan şəxs tutulub. APA TV-nin xəbərinə görə, rayonun Tükədi kənd sakini Əlişirin Əlibala oğlu Ağayev iyunun 12-də Sabirabad polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 85000 rus rublu, 400 ABŞ dolları və 1500 manat dəyərində 40 qramlıq qızıl boyunbağının oğurlanması barədə məlumat verib. Əlişirin Ağayevlə birlikdə polis şöbəsinə gələn həmkəndlisi Eminağa Cəfərov polis işçilərindən qonşusunun evindən oğurluq edən şəxsin tapılmasını tələb edərək böyük canfəşanlıq göstərib. Əvvələr də Eminağa Cəfərovun haqqında polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan, onun şöbədəki canfəşanlığı polis əməkdaşlarının diqqətini cəlb edib. Elə oradaca Eminağanın üzərinə baxış keçirilib. Baxış  zamanı onun üzərindən Əlişirin Ağayevin şikayət ərizəsində göstərildiyi və qeyd etdiyi qızıl boyunbağı, 100 ABŞ dolları və 30 min rus rublu aşkarlanıb. Eminağa Cəfərov istintaqa ifadəsində oğurladığı pulun qalan hissəsinə bir baş inək və bir baş qoyun aldığını deyib.

 

Əməliyyat axtarış tədbirləri nəticəsində onun  fevralın 4-də Sabirabad rayonu Türkədi kənd sakini Gülbəniz Bayram qızı Ağayevanın həyətindəki tövlədən beş baş qoyun, aprel ayında isə Sabirabad rayonu Xalid Xanbala oğlunun həyətindəki tövlədən iki baş qoyun  oğurladığı müəyyənləşib. 

 

Eminağa Cəfərov cinayəti törətməkdə şübhəli şəxs kimi CM-nin 177.2.3-cü maddəsi ilə barəsində həbs-qəti imkan tədbiri seçilib. 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı