Azərbaycanda ürək qüsurlu ilə doğulan uşaqların sayı artıb

"Əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı artır".

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, ürək-damar cərrahı, Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudov deyib. Rəşad Mahmudov bildirib ki, ürək qüsurları anadangəlmə və qazanılmış olur. Uşaqlar arasında ən çox rast gəlinən ürək qüsurları anadangəlmə olur. Azərbaycanda da dünyada olduğu kimi doğulan hər 1000 uşağın 8-10-da anadangəlmə ürək qüsuru olur. Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında aztəminatlı ailələrin anadangəlmə ürək qüsuru olan uşaqları üçün pulsuz aksiya keçirilir. 1 həftə ərzində anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar pulsuz müayinə, müalicə və əməliyyat olunub.

 

“Uşaq həftəsi”ndə yerli və xarici mütəxəssislərin iştirakı ilə 20-yə yaxın uşaq üzərində çox mürəkkəb əməliyyat sayıla biləcək anadangəlmə ürək qüsuru əməliyyatı aparılıb. Əməliyyatlara Azərbaycanda rezidentura təhsili alan gənc həkimlər və gənc mütəxəssislər cəlb olunub. Məqsəd isə onlara dünyadakı tibbi yenilikləri çatdıra bilmək və təcrübələrini artırmaqdır. Həftə ərzində aztəminatlı ailələrlə yanaşı 60-dan çox anadangəlmə mürəkkəb ürək qüsurundan əziyyət çəkən uşaqların da müayinə və müalicələri təşkil olunub”.

 

Rəşad Mahmudov qeyd edib ki, Azərbaycanda bu əməliyyatlar vaxtaşırı və davamlı şəkildə bir çox mərkəzdə aparılır. Onun sözlərinə görə, aztəminatlı ailələrin uşaqlarının əməliyyatlarının pulsuz təşkili M. A. Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində uzun müddətdir davam edir. Son 6 ayda iki mərkəzdə 200-ə yaxın anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaq üzərində açıq ürək əməliyyatları həyata keçirilib.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı